Bakıda Azərbaycan- Latviya ətraf mühitin bərpasına yönəli yaşıl iqtisadiyyat üzrə Biznes Forum keçirilib
Bu gün Bakıda Azərbaycan- Latviya ətraf mühitin bərpasına yönəli yaşıl iqtisadiyyat üzrə Biznes Forum keçirilib. SİA-nın məlumatına görə, forumda ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov, Latviyanın ətraf mühit və regional inkişaf naziri Raymonds Veyonis, həmçinin Latviyanın ətraf mühitin mühafizəsi sahəsində çalışan şirkət nümayəndələri iştirak edib.
Forumda çıxış edən nazir H. Bağırov bildirib ki, Latviya ilə əlaqələrimiz uzun illərdir ki, davam edir: "Latviya dünyanın ekoloji cəhətdən daha uğurlu olan ölkələrdən biridir. Azərbaycan ekologiya sahəsində bir çox layihələr həyata keçirir. Bu layihələr suyun keyfiyyətinin yüksəldilməsi, vəhşi təbiətin bərpası və s. ilə bağlıdır. Nazir hesab edir ki, Latviya şirkətləri müxtəlif ekoloji layihələrin həyata keçirilməsi baxımından Azərbaycanda yaxşı partnyorlar tapa bilərlər".
Latviyanın ətraf mühit və regional inkişaf naziri Raymonds Veyonis isə deyib ki, içməli suyun, çirkli ərazilərin təmizlənməsi, tullantıların idarəolunması sahəsi üzrə Latviyanın yaxşı təcrübəsi var. Latviyalı nazir Azərbaycana bu sahələr üzrə yardım göstərə biləcəyini də söyləyib.
Latviyada atom elektrik stansiyasının (AES) yaradılmasına münasibət bildirən Veyonis deyib ki, Latviya əhalisinin böyük hissəsi bunun əleyhinədir.
\"Bizdə AES yoxdur və düşünürəm ki, tezliklə Latviyada AES qurulmayacaq\", - Veyonis əlavə edib.
Forumda Azərbaycan və Latviya arasında ətraf mühitin mühafizəsi sahəsində gələcək əməkdaşlıq məsələləri, eyni zamanda Azərbaycanın yaşıl iqtisadiyyata keçidi ilə bağlı yeni texnologiyaların tətbiqi sahəsində müzakirələr aparılıb.
Qeyd edək ki, 2009-cu ilin 25-28 iyun tarixlərində Latviyanın ətraf mühit naziri Raymonds Veyonisin rəhbərlik etdiyi nümayəndə heyətinin ölkəmizə səfəri zamanı "Azərbaycan Respublikası Hökuməti və Latviya Respublikası Hökuməti arasında ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlığa dair saziş imzalanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB