Bu gün ov mövsümü başlandı

Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin direktor müavini Hikmət Əlizadə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin saytına müsahibə verib. SİA həmin müsahibəni təqdim edir:

- Builki ov mövsümü nə zaman açılacaq?

- Azərbaycan Respublikası ərazisində 2011-2012-ci illər üçün ov mövsümü bu gündən etibarən açıq elan edilib.

- Builki ov mövsümündə Respublika ərazisində vəhşi heyvanların ovlanmasına hansı müddətlərdə icazə verilir?

Respublika ərazisində 2011-2012-ci illərin ov mövsümündə vəhşi heyvanların ovlanması müddətləri aşağıdakı kimi müəyyən edilib;

• Təkə 04 iyun - 29 oktyabr 2011-ci il tarixlərində;

• Qaban (çöl donuzu) 10 sentyabr - 24 dekabr 2011-ci il tarixlərində;

• Dovşan 12 noyabr 2011-ci il - 07 yanvar 2012-ci il tarixlərində;

• Bataqlıq qunduzunun (nutriya) 15 oktyabr 2011-ci il-25 fevral 2012-ci il tarixlərində nutriya təsərrüfatı olan təşkilatlara volyerlərdə saxlamaq üçün ovlanmasına icazə verilir.

• Çaqqal və yenotun sayının tənzimlənməsi məqsədilə onların ilboyu ovlanmasına icazə verilir.

- Ovçular hansı ərazilərdə ov edə bilərlər?

- Vəhşi heyvanların sayının tənzimlənməsi məqsədilə ov edilməsinə aşağıda göstərilən regionların müvafiq ov sahələrində və ovçuluq təsərrüfatlarında icazə verilir.

• Qaban (çöl donuzu) - Lənkəran, Astara, Lerik, Qax, Cəlilabad, Zaqatala, İmişli, Quba, Xaçmaz, Neftçala, Yardımlı, Şəki, İsmayıllı;

• Təkə - Zaqatala, Şəki, Qax, Oğuz, Quba ;

• Dovşan - Dəvəçi, Kürdəmir, Salyan, Neftçala, Cəlilabad, Biləsuvar, Yevlax, Lənkəran, Zaqatala, Ağstafa, Qazax, Zərdab, Masallı, Quba, Xaçmaz, İmişli, Sabirabad, Saatlı.

- Ov etmək üçün icazə hansı təşkilatlardan alınmalıdır və onların dəyəri nə qədərdir?

- Ov icazəsi Bakı Şəhər Ekologiya və Təbii Sərvətlər Departamenti və Ərazi Ekologiya və Təbii Sərvətlər şöbələrindən alınmalıdır.

Birdəfəlik ov icazəsinin qiyməti aşağıdakı kimi müəyyən edilib:

• Dovşan 2 manat 20 qəpik;

• Çaqqal 3 manat 96 qəpik;

• Yenot və qunduz 1 manat 65 qəpik;

• Təkə 24 manat 75 qəpik;

• Qaban (çöl donuzu) 16 manat 50 qəpik.

- Hansı ərazilərdə ov edilməsi qadağandır?

- Ağdam, Xanlar, Goranboy, Daşkəsən, Gədəbəy və Tərtər rayonlarında, Xəzər dənizinin adalarında, yaşıl zonalarda, xüsusi mühafizə olunan ərazilərdə, şəhərlərin və kurort ərazilərinin ətrafındakı 1 kilometrə qədər sahələrdə ov qadağan edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə