Beynəlxalq Diaspor Mərkəzi “Qarabağ həqiqətləri”ni dünyaya çatdırır

Beynəlxalq Diaspor Mərkəzi “Qarabağ həqiqətləri”ni dünyaya çatdırır

Bu gün Beynəlxalq Diaspor Mərkəzinin (BDM) ofisində mərkəzin rəhbərliyi tərəfindən mətbuat konfransı keçirilib. SİA-nın verdiyi məlumata görə, mətbuat konfransında BDM sədri İsmayıl Ağayev çıxış edərək 27-31 may 2011-ci il tarixlərdə Qazaxıstan Respublikasına baş tutan səfər təəssüratlarını media mənsubları ilə bölüşüb.

"Azərbaycan Respublikasının müstəqillik günü münasibətilə Alma-Ata şəhərində Qazaxıstan ictimaiyyətinin geniş tərkibdə nümayəndələrinin və diasporumuzun təmsilçilərinin iştirakı ilə bayram tədbiri keçirilib. Qazaxıstanın aparıcı QHT-lərinin təmsilçiləri və Milli QHT Forumun prezidenti Rauf Zeyni ilə birgə bir sıra danışıqlar aparılıb və qarşılıqlı əlaqələrin qurulması barədə razılıq əldə olunub. Qazaxıstanda BDM-in açılışı olmuş və nümayəndəliyə rəhbər olaraq Mahir Nadirov təyin edilib", - deyə İ.Ağayev bildirib

Sonra BDM-in Məşvərət Şurasının sədri, millət vəkili Gülər Əhmədova çıxış edərək BDM-in son bir ildə həyata keçirdiyi tədbirlər haqqında mətbuat nümayəndələrini məlumatlandıraraq Çanaqqalada şəhid olmuş azərbaycanlıların xatirəsinin əbədiləşdirilməsi istiqamətində və xalqımıza qarşı ermənilər tərəfindən həyata keşirilən soyqırım və deportasiya ilə bağlı Avropa ölkələrində keçirilən tədbirlər və bu tədbirlərin müsbət nəticələrindən danışıb. Eyni zamanda millət vəkili çıxışında Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə "Qərbi azərbaycanlıların hüquqlarının Avropa İnsan Hüquqları Məhkəməsində müdafiəsi" istiqamətində həyata keçirdiyi layihə ilə bağlı bu günə kimi BDM-in gördüyü işlər barədə çıxış edib.

BDM-in idarə heyətinin üzvü Əziz Ələkbərli bu ilin ikinci yarısı üçün mərkəzin planları haqqında çıxışında Türkiyənin Van şəhərinə səfər təşkil olunacağını, orada ermənilər tərəfindən soyqırıma məruz qalmış müsəlman kürdlərinin müdafiəsi ilə bağlı tədbirlər keçiriləcəyini və azərbaycanlılarla bərabər kürdlərin də soyqırıma məruz qalması ilə bağlı beynəlxalq təşkilatlara müraciətlər qəbul olunacağını bildirib.

Daha sonra BDM-in Aparat rəhbəri Samir Adıgözəlli çıxışında Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə BDM-in həyata keçirdiyi "Qarabağ həqiqətləri" layihəsi istiqamətində son iki ayda görülmüş işlər barəsində məlumat verib. O, layihədə nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi üçün işçi qrupu yaradıldığını, işçi qrupu tərəfindən Azərbaycan və ingilis dillərində "Qarabağ: həqiqətlər və uydurmalar" adlı buklet hazırlandığını və eyni zamanda Qarabağ haqqında ingilis dilində qısametrajlı sənədli filmin hazırlanacağını qeyd edib.

Eyni zamanda Qarabağın işğalı, törədilmiş terror aktları, maddi və mənəvi ziyanla bağlı BDM tərəfindən hazırlanmış materialların beynəlxalq təşkilatlara göndərildiyi haqqda məlumat verib. Layihə çərçivəsində 16 iyun 2011-ci il tarixində beynəlxalq konfransın keçiriləcəyi tədbir iştirakçılarının nəzərinə çatdırılıb.

Mətbuat konfransında Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının beynəlxalq əlaqələr üzrə eksperti Etibar Kərimov da iştirak edib.

Bütün xəbərlər Facebook səhifəmizdə