DQMK-nın hüquq sektorunun müdiri: “Yaş senzinin tətbiqindən sonra dövlət qulluğunda vakansiyaların sayı çoxalacaq”
Bu il Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyaya (DQMK) vətəndaşlardan daxil olan şikayətlərin əksəriyyəti yerli icra hakimiyyəti orqanları əməkdaşlarının davranışları ilə bağlıdır. SİA-nın xəbərinə görə, bunu Azərbaycan Respublikası Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın hüquq sektorunun müdiri Vüqar Əsgərov deyib. Onun sözlərinə görə, cari ilin 5 ayı ərzində komissiyaya vətəndaşlardan 26 şikayət daxil olub, onlardan 10-u təmin edilib, 7-si əsassız hesab olunub, 9-u isə araşdırılır: "Bunlardan 16-sı mərkəzi icra hakimiyyəti orqanlarından, 6-sı isə yerli icra hakimiyyəti orqanlarındandır. Müraciətlər arasında vətəndaşlara qeyri-etik münasibət, süründürməçilik, vətəndaşların qəbul edilməməsi hallarından şikayətlər var. Şikayətlər təsdiq edildikdə həmin dövlət qulluqçusu barəsində intizam tənbehi tədbiri tətbiq olunur\".
Vüqar Əsgərov eyni zamanda bildirib ki, dövlət qulluğunda yuxarı yaş senzinin 65 yaş müəyyən olunmasından sonra dövlət qulluğuna qəbulda da yaş senzi tətbiq olunacaq və bu yaş senzi 65 yaşa kimi müəyyənləşəcək. Belə ki, dövlət qulluqçularının yaş senzi ilə bağlı Milli Məclis qərar qəbul etsə də hələlik bu, təsdiq olunmadığından komissiyada bu yöndə hər hansı iş görülmür.
Sektor müdirinin sözlərinə görə, yaş senzinin tətbiqindən sonra dövlət qulluğunda vakansiyaların sayı çoxalacaq: "İndiyə qədər dövlət qulluğuna qəbul üçün qanunvericilikdə yaş senzi nəzərdə tutulmayıb. Lakin parlament bununla bağlı qərar qəbul etsə, dəyişikliklər təbii ki, olacaq. Bu da həmçinin gənclərin dövlət qulluğuna qəbul olmaq imkanlarını genişləndirəcək və stimul yaradacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB