“Sosial şəbəkədə qəhrəman obrazı yaradan insanlar real həyatda tam əksi olur” - SOSİOLOQ
"Bu sual və problemin həm fəlsəfi, həm də real mənası var. Təsadüf olsun ki, son illər bu ziddiyyət daha çox diqqəti cəlb edir. Bunun müxtəlif istiqamətlərdə bir çox nümunələrini müşahidə edirik".
Bu sözləri SİA-ya açıqlamasında Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, www.kitabxana.net – Mir Cəlal Paşayev adına Milli Virtual-Elektron Kitabxananin təsisçisi, Prezident təqaüdçüsü, yazıçı-kulturoloq Aydın Xan Əbilov deyib.

Onun sözlərinə görə, tutalım, fərd olaraq insanların hər hansı bir fikirlə bağlı real mövqeyi ayrı olur, amma sosial şəbəkələrdə, yeni mediada daha qərəzli, daha kəskin, daha inqilabvari, liberal və ya radikal mövqe ortaya qoya bilirlər:
"Keçmişdə də bu vardı. Məsələn, sənət əsərlərində olan qəhrəmanı və onu yaradan yazıçını götürək. Real həyatda baxırdıq ki, çox gücsüz, eyni zamanda sözünü deyə bilməyən və normal danışmayan bir şəxsdir. Yaxud televiziyalarda, filmlərdə qəhrəmanlar, sənətkarlar görürdük, amma həyatda onlar çox problemli olurdular. Fikirlərini kütləvi informasiya vasitələrində, ədəbiyyatda söyləyən şəxslərə görəndə, real həyatda bəzən onların özləri zəif olurdu və yaxud sağlamlıqlarında problem olurdu.
Bu, insan psixologiyasında əvvəllər də vardı, indi isə sosial şəbəkələrdə daha qabarıq şəkildə özünü göstərir. Çünki artıq kütləvi hal alıb, ictimai və kollektiv düşüncənin, həyat tərzinin, dünyagörüşünün bir hissəsinə çevrilib.
Bəli, real həyatda, tutalım, bir mənzil-istismar idarəsinin müdirini tənqid edə bilməyən, haqqını tələb edə bilməyən şəxs sosial şəbəkədə İran-Amerika müharibəsi ilə bağlı elə fikirlər söyləyir ki, deyir, bu adam qəhrəmandır, sənətkardır, milyonları yığıb gedib hər hansı bir tərəfdə vuruşa bilər, qalib gələ bilər.
Yaxud sosial şəbəkədə təmtəraqlı danışıb, yalan deyib, yalan ifadələr və feyk informasiyalar verib özündən qəhrəman yaradan şəxslərin taleyini biz görmüşük. Məsələn, son vaxtlar TikTok-da çoxlu sayda insanlar həbs olunub. Çünki onlar söz qəhrəmanı, fikir və dil qəhrəmanı idilər. Sonra bir balaca məşhurlaşandan, ətrafında adamlar yığılandan sonra məlum oldu ki, bunlar yalançıdırlar, bir çox hallarda korrupsiyadan istifadə ediblər, hətta bəziləri rüşvətxorluqla məşğul olublar, müxtəlif adamlarla bağlı polisə müraciət edir, onları şantaj edir və s. Bunların da axırı həbsxana, inzibati məsuliyyət və cəzalandırılma ilə nəticələnib.
Bunun qarşısını almaq mümkündürmü? Çətin. Böyük mənada götürdükdə, məsələn, biz indi dezinformasiyalarla, yalan və saxta məlumatlar yayanlarla mübarizə aparırıq. Bununla bağlı dövlətin müxtəlif qanunvericilik dəyişiklikləri var, yeni qurumlar yaradılıb, eyni zamanda kiber cinayətlərlə bağlı mübarizə məsələləri gündəmə gətirilib.
Amma fərdi olaraq insanların hər birini biz bu məsələdə necə çəkindirə bilərik? Sözsüz ki, milyonlarla insan sosial şəbəkələrdə, müxtəlif platformalarda fəaliyyət göstərir və onların içində böyük əksəriyyəti yalan, çoxlu dezinformasiya ilə məşğul olur. Bunların hər birini biz həbs edə, cərimələyə bilərikmi? Sual bundadır. Hər məsələyə hüquqi yük yüklənəndə insanların narazılığı artacaq və s.
Düşünürəm ki, biz bununla bağlı yeni maarifçilik, neomaarifçilik etməliyik. İnsanlar belə yalan deyən və yaxud saxta məlumatlar yayan şəxsi tanıyan kimi onu bloklamalı, məlumatına sosial şəbəkələrdə şikayət etməli, həm də dövlət qurumlarına müraciət etməlidirlər. Dövlət qurumları bunlarla bağlı xüsusi iş aparmalıdır. Həbs söhbəti, sonra cərimələr, lazım olsa, cinayət məsuliyyətinə cəlb etmə məsələləri də tətbiq olunmalıdır.
Bununla yanaşı, bəli, insanlar real həyatda deməyə çəkinirlər. Nə üçün sosial şəbəkələrdə və yaxud bəzi platformalarda bunu rahat şəkildə tirajlaya bilirlər? Bu sualın cavabını biz, əlbəttə ki, tapmalıyıq.
Bəlkə də söhbət həmin şəxslərdən, xüsusən də yeniyetmə və gənclərdən gedir. Söhbət fırıldaqçılardan, yalançılardan pul qazanmaq istəyənlərdən getmir. Onlar həmişə olublar, həmişə də olacaqlar. Amma söhbət yeniyetmə və gənclərin həm yalan deməsi, həm öz fikirlərini sərbəst şəkildə ifadə etməsi, sosial şəbəkədə rahatca dezinformasiya ilə məşğul olması və onların təsir altına düşməsinin qarşısını almaqdan gedir. Çünki gələcək nəsil məhz bunlardan formalaşır və biz onları bu təsirlərdən qorumalıyıq.
Mən düşünürəm ki, onlarla bağlı müəyyən maarifçilik və eyni zamanda neomaarifçilik işləri aparılmalı, kampaniyalar keçirilməlidir. Dövlət və ictimai qurumlar onlarla mütəmadi söhbətlər aparmalıdır. Çünki elə problemlər var ki, biz artıq onları həll etmişik, elə problemlər də var ki, onların həllinə çalışmalıyıq.
Sosial şəbəkələrin insanlara çox böyük təsiri və müsbət mənada insanların dəyişməsinə səbəb ola biləcək maarifçilik missiyası vardır. Bir vaxtlar yazmağı, oxumağı bacarmayan çoxlu sayda insanlarımız vardısa, sosial şəbəkə, smartfon və internet bilgiləri onları yenidən maarifləndirdi. Vaxtilə biz gecə məktəbləri açırdıq ki, babalarımız, nənələrimiz oxusun. Amma indi buna ehtiyac yoxdur. Sosial şəbəkə və internet vasitəsilə alternativ təhsil alətlərindən istifadə etməklə, insanların öz intellekt və təfəkkürləri vasitəsilə onları maarifləndirə, inkişaf etdirə bilərik.
Amma əsas məsələ budur: insanlar yalan danışanda və ya saxta dezinformasiya ilə özünü ifadə edəndə şübhədən istifadə etməlidir, yoxsa real faktlara söykənməlidir?
Çünki bir çox ölkələrdə, xüsusən də Birləşmiş Ştatlarda sizə viza veriləndə, yaxud işə götürüləndə sosial şəbəkə həyatınız mütləq təhlil edilir. Əgər orada sizin radikal fikirləriniz, qeyri-adi davranışlarınızı əks etdirən video və fotolar, psixoloji problemlər yarada biləcək yazılar, yalançılığa və ya feyk məlumatlardan istifadəyə imkan verən materiallar varsa, sizin qarşınızda “qırmızı stop” qoyulur. Nə işə götürülürsünüz, nə də sizə viza verilir.
Yox, əgər siz normal insan düşüncəsi ilə orada çıxışlar edirsinizsə, onda dövlət qurumları sizi işə götürə, həm də Amerikada və yaxud digər Qərb ölkələrində yaşamağınıza imkan verə bilər.
Baxın, bu cür tərbiyəedici formatlardan istifadə etmək lazımdır ki, insanlar yalan danışmasın, insanlar real həyatda olduğu kimi, bütün platformalarda da öz mövqeyini ortaya qoya bilsin. Nə feyk məlumatlarla, nə saxta informasiyalarla, nə də şübhəli məlumatlarla özünü ifadə etsin".
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)



USD
EUR
GBP
RUB