“İnsanların bir-birinə inamı və etimadı itib” - SOSİOLOQ

“İnsanların bir-birinə inamı və etimadı itib” - SOSİOLOQ

"Bu proses bu günün, dünənin, onillik proses deyil. Bu, uzunmüddətli və qəribə yaşam tərzinin nəticəsi olan hadisələrdən qaynaqlanır". Bu sözləri SİA-ya açıqlamasında İctimai və mədəniyyət xadimi, Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, www.kitabxana.net – Mir Cəlal Paşayev adına Milli Virtual-Elektron Kitabxana portalının yaradıcısı, Prezident təqaüdçüsü, yazıçı-kulturoloq Aydın Xan Əbilov deyib.

Onun sözlərinə görə, vaxtilə, xüsusən XIX əsrin sonu, XX əsrin əvvəllərində toplumdan, cəmiyyətdən, millətdən çox insana önəm vermək ideyası dünyanın hər yerində dəbə mindi: "Hətta bizim xalq şairimiz Bəxtiyar Vahabzadənin də buna bənzər fikirləri var. Nietzsche və Freyddən başlayaraq insanlar özsevərliyi, eqonu, liberal dəyərləri, bəzən isə radikal fikirləri həyata tətbiq etməyə başladılar.

Bundan sonra dostluq, ailə dəyərləri, milli-mənəvi adət-ənənələr sanki unudulmağa başladı və hər şey insanın ətrafında formalaşmağa başladı. İnsanlar bir-biri ilə, xüsusən də emosional ünsiyyət qurmaqda çətinlik çəkdilər. Bu da bir sıra problemlər yaratdı.

Böyük müharibələrin səbəbkarlarının həyatına baxanda – Hitler, Stalin və digərlərinə – onların tənhalıqdan, emosional bağlılığın olmamasından nə qədər əziyyət çəkdiklərinin şahidi oluruq. Hətta müasir dövrdə də bir çox tanınmış insanların tənhalığa qapıldığını, cəmiyyətdən uzaqlaşdığını müşahidə edirik.

Xüsusən tanınmış sənət adamlarının, ictimai-siyasi, sosial və mədəni xadimlərin, qeyri-adi texniki biliklərə malik startap quran şəxslərin həyat tərzinə baxanda görürük ki, onların çoxu karyerası naminə ailəsini və dostlarını qurban verib.

Məşhur brendlərdən birinin yaradıcısı vəsiyyətində qeyd etmişdi ki, bütün ömrünü işləməklə keçirib, ailəsinə və dostlarına vaxt ayırmayıb, dünyada məşhur və milyarder olub. Amma ömrünün sonunda daxilində böyük bir boşluq hiss edib ki, niyə yaxınları ilə kifayət qədər ünsiyyət qurmayıb.

Ümumilikdə insanların bu həyat tərzi onların bir-birinə olan etimadına və inamına da ciddi təsir göstərib. Əvvəllər işlənən “halal-haram”, “kişi sözü”, “azərbaycanlı sözü” kimi anlayışlar sanki arxa plana keçib. İnsanlar artıq bir-birinə inanmırlar.

Boşanmaların, dava-dalaşların, tənhalığın artması, evində tək yaşayan insanların ölümündən günlər, həftələr, hətta aylar sonra xəbər tutulması bu prosesin nəticələrindəndir. Təəssüf ki, bu tendensiya getdikcə daha da güclənəcək.

İnsanların boşanmasına, dostları ilə əvvəlki kimi vaxt keçirməməsinə səbəb də məhz budur. “Mən bu dünyanın mərkəzindəyəm”, “məndən başqa heç kim yoxdur” kimi eqomərkəzçi düşüncələr, Freyddən və Nietzschedən qaynaqlanan bəzi fəlsəfi yanaşmalar, eləcə də həyat tərzi nümunəvi olmayan bəzi mütəfəkkirlərin ideyalarının gənclərə yanlış formada çatdırılması bugünkü problemlərin yaranmasına təsir göstərir.

Yəni insanların bir-birinə inamı itib, etimadı itib. Artıq insanlar bir-birinə ürəkdən inanmır, xeyir-şərdə belə çox vaxt yalnız formal olaraq iştirak edirlər.

Halbuki keçmişdə fərqli idi. Məsələn, mənim atamın ata-baba torpaqları vaxtilə Sovet hakimiyyəti dövründə əlindən alınmışdı. Sonradan həmin torpaqlar geri qaytarılanda atam orada yaşayan insanlardan halallıq aldı, onlara müəyyən haqq verdi və bildirdi ki, bu torpaqlar əslində bizim olub, amma sizin günahınız ucbatından əlinizə keçməyib. Bu, etimadın, vicdanın və mənəvi dəyərlərin nümunəsi idi. Bu gün isə belə insanlar çox azdır.

Bu gün bir-birindən borc alıb qaytarmayan, verdiyi sözə əməl etməyən insanlar kifayət qədərdir. Söhbət yalnız adi vətəndaşlardan getmir. Elə vəzifəyə etimad göstərilərək gətirilən şəxslər də olur ki, sonradan həmin etimadı doğrultmurlar.

Əgər sizə etimad göstərilibsə və onu doğrultmursunuzsa, bu, şəxsiyyətinizin, sözünüzün və mövqeyinizin dəyərdən düşməsinə səbəb olur.

Əlbəttə, bunun səbəbləri çoxdur. İctimai paradiqmaların dəyişməsi, mədəniyyət hadisələrinin tez-tez əvəzlənməsi, insani münasibətlərin zəifləməsi, işsizlik, iqtisadi vəziyyət, ictimai nəzarətin azalması və digər amillər bu prosesə təsir edir.

Bir tərəfdən dini dəyərlər zəifləyib, digər tərəfdən isə hüquqi dəyərlərə lazımi diqqət göstərilmir. Problemin əsas səbəblərindən biri də mütaliəyə, kitaba və yüksək mənəvi dəyərlərə münasibətin getdikcə soyumasıdır. Nəticədə etimad, inam və insanların bir-birinə qarşı hörməti əhəmiyyətli dərəcədə azalıb".

Müəllif: Lətifə Musayeva

Bütün xəbərlər Facebook səhifəmizdə