“Şoranlaşma Azərbaycanda torpaq deqradasiyasının ən ciddi formalarından biridir” - EKOLOQ

“Şoranlaşma Azərbaycanda torpaq deqradasiyasının ən ciddi formalarından biridir” - EKOLOQ

"Şəhərsalma və torpaq deqradasiyası problemi ekoloji problemlərdən biri olaraq həmişə mütəxəssisləri, ekoloqları narahat etməkdədir və son onilliklərdə Azərbaycanda da ciddi ekoloji problem kimi ön sıralara keçməyə başlayıb".Bu fikirləri SİA-ya açıqlamasında ekoloq Cəmşid Quliyev bildirib.

Onun sözlərinə görə, bunun bir çox səbəbləri var: "İqlim dəyişikliyi, yağıntının azalması, temperaturun artması, otlaqların həddindən artıq istifadə olunması, meşələrin qırılması, düzgün aparılmayan suvarma və s. bu kimi proseslər torpaq deqradasiyasını ciddi şəkildə sürətləndirir.

Həssas bölgələrə gəldikdə isə, ilk növbədə Abşeron yarımadasını qeyd edərdim. Quraqlıq, şoranlaşma, güclü küləklər və antropogen təsirlər səbəbindən burada torpaq deqradasiyası xüsusilə qabarıq şəkildə özünü göstərir.

Digər tərəfdən, Kür-Araz ovalığını qeyd etmək olar. Saatlı, Sabirabad, Qanıx-Cabbarlı, Biləsuvar, Salyan, Neftçala və digər Kür-Araz ovalığına aid rayonlarda suvarılan torpaqlarda şoranlaşma və qrunt sularının səviyyəsinin yüksəlməsi əsas problemlərdəndir.

Mən şoranlaşma ilə bağlı ayrıca danışacağam. Əlavə faylda müəyyən statistik rəqəmlərlə birlikdə buna ayrıca toxunmaq istəyirəm. Şoranlaşma Azərbaycanda torpaq deqradasiyasının əhəmiyyətli hissəsini əhatə edir.

Hansı bölgələr daha çox risk altındadır? —Ceyrançöl və Acınohur düzləri bitki örtüyünün zəifləməsi və eroziya riski ilə üz-üzədir. Mən bunu sıralamada ikinci yerdə hesab edirəm.

Daha sonra Qobustan gəlir. Burada quraqlıq və külək eroziyası torpaqların məhsuldarlığını azaldır. Üçüncü yerdə mənim sıralamamda Qobustan durardı.

Növbəti olaraq Naxçıvan Muxtar Respublikasını qeyd edərdim. Orada az yağıntı və su ehtiyatlarının məhdudluğu səbəbindən səhralaşma təhlükəsi yüksəkdir.

Daha sonra Mil və Muğan düzləri gəlir. Burada suvarma sistemlərinin düzgün idarə olunmaması nəticəsində şoranlaşma geniş yayılıb.

Digər tərəfdən, dağlıq ərazilər də torpaq eroziyası riskinə məruz qalır. Əsas problem səhralaşmadan sonra torpaq eroziyasıdır. Böyük və Kiçik Qafqazın bir sıra yamaclarında meşələrin azalması və həddindən artıq otarılma nəticəsində torpaq qatının yuyulması baş verir.

Həddindən artıq otarılma dedikdə, məsələn, hər hektara düşən heyvan sayının normativdən artıq olmasını nəzərdə tuturam.

Bu təhlükənin nəticələri belə olur: kənd təsərrüfatı məhsuldarlığı azalır, otlaqların keyfiyyəti pisləşir, su ehtiyatları azalır, biomüxtəliflik zəifləyir, ən əsası isə kənd əhalisinin sosial-iqtisadi vəziyyəti ağırlaşır.

Səhralaşmanın qarşısını almaq üçün meşə və qoruyucu yaşıllıq zolaqlarının salınması çox vacibdir. Daha sonra suya qənaət edən texnologiyaların tətbiqini təşviq etmək lazımdır.

Otlaqlardan düzgün istifadə edilməli və normativlər mütləq gözlənilməlidir. Orta hesabla hər hektara bir baş inək və ya on baş qoyun nəzərdə tutulur. Amma bu, torpağın növündən və kateqoriyasından asılı olaraq dəyişə bilər. Məsələn, bəzi yamac ərazilərdə hətta hər hektara on baş qoyun çox yüksək göstəricidir. Belə yerlərdə hər hektara iki-üç baş qoyun normal hesab oluna bilər.

Yəni bu normativlər aşılmadan torpaqlardan istifadə təşviq edilməlidir. Buna ciddi nəzarət mexanizmi olmalıdır.

Şoran torpaqların meliorasiyası və eroziyaya qarşı tədbirlərin görülməsi mühüm əhəmiyyət daşıyır. Bu tədbirlər həm torpağın məhsuldarlığını qoruyur, həm də iqlim dəyişməsinin mənfi təsirlərini azaltmağa kömək edir.

Şoranlaşma ilə bağlı əlavə qeyd etmək istəyirəm ki, bu problem Azərbaycanda artıq çox ciddi xarakter alıb. Düzgün suvarılmama və torpaqların həddindən artıq kimyəvi gübrələrin təsirinə məruz qalması səbəbindən şoranlaşma getdikcə dərinləşir və hələ də davam edir.

Hazırda bu problemin həlli istiqamətində dövlət tərəfindən müxtəlif tədbirlər planlaşdırılır və artıq müəyyən addımlar atılır. Ümid edirəm ki, yaxın gələcəkdə bu problem öz həllini tapacaq. Bu, çox böyük zəhmət və xərc tələb etsə də, həlli mümkün olan məsələdir. Ümidverici siqnallar artıq var.

Ümumilikdə Azərbaycanda şoran torpaqların ümumi sahəsi 2 milyon hektardan çoxdur. Statistikaya görə, bu torpaqların təxminən 30 faizi Kür-Araz ovalığında yerləşir.

Azərbaycanda 1,43 milyon hektar suvarılan torpaq sahəsi mövcuddur. Onun 600 min hektardan çoxu, yəni təxminən 42 faizi müxtəlif dərəcədə şoranlaşıb. Bu sahənin 224 min hektarı isə yüksək dərəcədə şoranlaşmaya məruz qalıb və kənd təsərrüfatı üçün ciddi problemlər yaradır.

Şoranlaşmanın daha geniş yayıldığı ərazilər Kür-Araz ovalığı, Biləsuvar düzləri, Şirvan düzü, Qarabağ düzü və Abşeron yarımadasının suvarılan əraziləridir. Bundan başqa, Samur-Dəvəçi ovalığında və Naxçıvanın Arazboyu düzənliklərində də şoranlaşmış torpaqlar mövcuddur.

Bu rəqəmlər göstərir ki, şoranlaşma Azərbaycanda torpaq deqradasiyasının ən ciddi formalarından biridir. Xüsusilə suvarılan torpaqların təxminən hər on hektarından dördü müəyyən dərəcədə şoranlaşmış vəziyyətdədir. Bu isə ərzaq təhlükəsizliyi, su ehtiyatlarından səmərəli istifadə və kənd təsərrüfatının davamlı inkişafı baxımından ciddi ekoloji və iqtisadi problem hesab olunmalıdır.

Mənim qənaətimə görə, şoranlaşma digər torpaq deqradasiyası formaları ilə müqayisədə daha ciddi problemdir".

Müəllif: Lətifə Musayeva

Bütün xəbərlər Facebook səhifəmizdə