"İqtisadiyyat rəqəmlərlə deyil, insanların həyat səviyyəsi ilə ölçülməlidir” - İQTİSADÇI AÇIQLADI
"Düşünürəm ki, bu gün Azərbaycanda ən böyük iqtisadi problem inflyasiya deyil. Ən böyük problem odur ki, insan işləyir, amma yaşaya bilmir".
Bu sözləri SİA-ya açıqlaması zamanı iqtisadçı Asif İbrahimov deyib.

Onun sozlərinə görə, bizə deyirlər ki, iqtisadiyyat artır: "Bəs onda niyə insanlar hər ay əvvəlkindən daha çox borclanır? Niyə gənclər evlənməkdən çəkinir? Niyə ailələr övlad sayını azaltmağa məcbur olur? Niyə minlərlə insan maaşının yarısını kirayəyə verir?
Çünki vətəndaşın hiss etdiyi iqtisadiyyatla rəsmi statistikadakı iqtisadiyyat arasında dərin uçurum yaranıb.
Ən böyük problemlərdən biri isə mənzilin əlçatmaz hala gəlməsidir.
Normal maaş alan insan illərlə işləyir, amma nə ev ala bilir, nə də ipoteka şərtlərinə uyğun gəlir. Ev qiymətləri artır, kirayələr bahalaşır, maaş isə bu artımın arxasınca çata bilmir.
Bundan da acınacaqlısı odur ki, orta statistik azərbaycanlı qazancının 50 faizindən çoxunu ərzaq məhsullarına xərcləyir. Regionlarda isə bu göstərici daha da yüksəkdir. Bu o deməkdir ki, insanların gəlirlərinin böyük hissəsi təhsilə, mənzilə, yığıma, sağlamlığa və ya gələcəyinə deyil, sadəcə qarnını doyurmağa gedir.
Alman iqtisadçısı Ernst Engel hələ XIX əsrdə yazırdı ki, ailənin gəlirində ərzağa ayrılan pay nə qədər yüksəkdirsə, həmin ailənin rifah səviyyəsi bir o qədər aşağıdır. Bu fikir bu gün də iqtisad elmində Engel qanunu kimi qəbul edilir və ölkələrin rifah səviyyəsinin qiymətləndirilməsində istifadə olunur.
Əgər bir ölkədə insanlar qazancının yarısından çoxunu ərzağa xərcləyirsə, bu artıq təkcə bahalaşmanın deyil, aşağı rifahın və zəif alıcılıq qabiliyyətinin göstəricisidir.
Belə çıxır ki, biz yaşamaq üçün işləmirik, sadəcə sağ qalmaq üçün yaşayırıq.
Bu isə sağlam iqtisadiyyatın göstəricisi deyil. İnkişaf etmiş ölkələrdə ailələrin gəlirlərinin böyük hissəsi təhsilə, sağlamlığa, mədəniyyətə, səyahətə və investisiyaya yönəlir. Bizdə isə insanların əsas sualı budur: bu ay ərzağa pul çatacaqmı?
İqtisadiyyat ÜDM rəqəmləri ilə yox, insanların həyat səviyyəsi ilə ölçülməlidir.
Vətəndaş bazarda qiymətə baxır, aptekdə qiymətə baxır, kirayə ödəyir, uşağını məktəbə hazırlayır. O, statistika ilə yaşamır.
İqtisadi uğur haqqında danışmaq olar. Amma o uğur müəllimin, həkimin, mühəndisin, dövlət qulluqçusunun və özəl sektorda çalışan minlərlə insanın həyatında hiss olunmursa, deməli, həmin uğur cəmiyyətə çatmayıb.
Güclü iqtisadiyyat o deyil ki, rəqəmlər gözəl görünsün. Güclü iqtisadiyyat odur ki, zəhmətlə çalışan insan ləyaqətlə yaşaya bilsin.
Əgər qazancının yarıdan çoxunu yalnız ərzağa xərcləyirsənsə, deməli, sən rifah içində yaşamırsan – sadəcə həyatda qalmağa çalışırsan. Bu, təkcə sosial problem deyil, iqtisadi siyasətin nəticəsidir".
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)
.jpg)
.jpg)

USD
EUR
GBP
RUB