Ölkədə doğum sayının azalmasının əsas səbəbləri nələrdir? - SOSİOLOQ AÇIQLADI

Ölkədə doğum sayının azalmasının əsas səbəbləri nələrdir? - SOSİOLOQ AÇIQLADI

Azərbaycanda son illər doğulan uşaqların sayında azalma müşahidə olunur. Mütəxəssislər bildirirlər ki, bu tendensiya təkcə maddi imkanlarla deyil, həyat tərzinin və düşüncə tərzinin dəyişməsi ilə də əlaqəlidir. Gənclərin ailə qurmaq və övlad sahibi olmaqla bağlı qərarlarına müxtəlif amillər təsir göstərir. Bəs doğum sayının azalmasının əsas səbəbləri nələrdir?

Məsələ ilə bağlı sosioloq Üzeyir Şəfiyev SİA-ya açıqlamasında bildirib ki, demoqrafik ləngimə bu gün qlobal bir prosesdir:

“Dünyanın bir çox ölkələrində təbii artımın ləngiməsi müşahidə olunur. Bu, qlobal bir prosesdir. Amma Azərbaycan cəmiyyəti üçün bu, tarixən xarakterik olmayıb.

Çünki Azərbaycan cəmiyyətində həm sovet dövrünə qədər, həm də sovet dövründə təbii artım yüksək dinamika ilə müşahidə olunurdu. Xüsusilə də müharibələrdən sonra itkilərin yerini doldurmaq məqsədilə sovet hökumətinin tətbiq etdiyi demoqrafik həvəsləndirmə alətləri bu dinamikanı daha da gücləndirirdi. Məsələn, o dövrdə “Qəhrəman ana” statusu var idi, çoxuşaqlı ailələrə müxtəlif imtiyazlar verilirdi, uşaqlı ailələr üçün sosial təminatlar mövcud idi. Bütün bu demoqrafik təşviq alətləri cəmiyyətdə doğum artımına maraq yaradırdı.

Lakin Sovet İttifaqı dağıldıqdan sonra Azərbaycan cəmiyyəti qlobal dünyaya inteqrasiya etdikcə, insanlar xarici ölkələrin həyat tərzini, ailə modelini və yanaşmalarını yaxından müşahidə etdilər. Onlar gördülər ki, Avropa ölkələrində çoxuşaqlı ailə modelindən daha çox az uşaqlı, lakin keyfiyyətli təhsil və yüksək həyat şəraiti təmin olunan ailə modeli üstünlük təşkil edir. Nəticədə Azərbaycan cəmiyyətində də düşüncə transformasiyası baş verdi və ailə planlaşdırılmasında az uşağa üstünlük verilməyə başlandı.

Hazırda ailələr əsasən bir, iki, ən yaxşı halda isə üç uşaq sahibi olmağa üstünlük verirlər. Rəsmi statistikaya görə də ən çox rast gəlinən ailə modeli iki uşaqlı ailələrdir.

Əlbəttə, bu gün insanlar daha rahat və komfortlu həyat tərzi yaşamağa çalışırlar. Bir çoxları ailə və uşaq məsuliyyətini artırmaq istəmir, şəxsi həyatına daha çox vaxt ayırmağa üstünlük verir. Bundan əlavə, uşaqların gələcək həyat şəraiti, təhsil və digər xərclərlə bağlı narahatlıqlar da ailə planlaşdırılmasına ciddi təsir göstərir.

Boşanmaların artması da təbii artımın azalmasına təsir edən amillərdən biridir. Buna görə də demoqrafik ləngimə prosesi artıq özünü açıq şəkildə göstərir. Bu prosesin gələcəkdə müxtəlif sosial nəticələri ola bilər. Məsələn, səfərbərlik imkanlarına, əmək bazarına və ümumilikdə iqtisadi inkişafa təsir göstərə bilər.

Təbii artımın azalması mexaniki artımın, yəni miqrasiyanın artmasına səbəb ola bilər. Bu isə Avropa ölkələrinin üzləşdiyi miqrasiya problemlərinə bənzər vəziyyət yarada bilər.

Nazirlər Kabinetinin hesabatlarından birində də qeyd olunurdu ki, yeni doğulanların və birinci sinfə gedən şagirdlərin sayının azalması fonunda gələcəkdə 50 mindən çox müəllim ixtisara düşə bilər. Bu, kifayət qədər ciddi rəqəmdir.

“Sosial xidmətlər haqqında” dövlət proqramının preambula hissəsində də qeyd olunur ki, son 22 ildə əhali artımı cəmi 26,4 faiz təşkil edib. Halbuki əvvəlki dövrlərdə bu göstərici daha yüksək idi.

Yeni doğulanların sayının azalması əhalinin yaşlanmasına səbəb ola bilər. Pensiya yaşında olan insanların sayı artdıqca dövlətin maliyyə yükü də artır. Çünki işləyən insanların sayı azalır, pensiya alanların sayı isə çoxalır.

Eyni zamanda keyfiyyətli insan kapitalının formalaşdırılması Azərbaycan üçün strateji əhəmiyyət daşıyır. Azərbaycan elə bir geosiyasi bölgədə yerləşir ki, burada gənc və dinamik əhali həmişə vacib amil hesab olunur. Buna görə də təbii artımın qorunması və demoqrafik balansın saxlanılması mühüm əhəmiyyət kəsb edir.

Hazırda Azərbaycan Cənubi Qafqaz ölkələri arasında təbii artım tempinə görə hələ də öndədir. Lakin təbii artımın ləngiməsi artıq bir neçə ildir müşahidə olunur. Son illərdə yeni doğulanların sayında on minlərlə azalma qeydə alınıb. Bu, kifayət qədər ciddi tendensiyadır.

Hesab edirəm ki, əgər demoqrafik ləngimə dərinləşərsə və ölkənin demoqrafik təhlükəsizliyi üçün risk yaradarsa, dövlət tərəfindən müxtəlif demoqrafik həvəsləndirmə tədbirləri həyata keçirilə bilər. Məsələn, uşaqlı ailələr üçün sosial müavinətlərin artırılması, gənc ailələrə dəstək proqramlarının genişləndirilməsi, mənzil təminatı ilə bağlı güzəştlərin artırılması kimi addımlar atıla bilər.

Məsələn, ABŞ-da Donald Tramp administrasiyası dövründə yeni doğulan uşaqlar üçün xüsusi hesabların yaradılması ilə bağlı təşəbbüslər irəli sürülmüşdü. Həmin modelə əsasən, uşağın adına müəyyən məbləğdə vəsait yatırılır və gələcəkdə onun təhsilinə və ya digər ehtiyaclarına yönəldilir. Azərbaycanda da buna bənzər layihələr tətbiq oluna bilər. Məsələn, hər yeni doğulan uşağın adına müəyyən məbləğdə vəsait ayrılması gələcəkdə ailələr üçün əlavə stimul ola bilər.

Türkiyədə də “Ailə ili” çərçivəsində müxtəlif dəstək proqramları həyata keçirilib. Bələdiyyələr və dövlət qurumları gənc ailələrin toy xərclərinə dəstək göstərib, həmçinin çoxuşaqlı ailələr üçün müxtəlif güzəştlər tətbiq olunub. Məsələn, çoxuşaqlı ailə statusunun verilməsi üçün tələb olunan uşaq sayının azaldılması kimi təşəbbüslər də müzakirə olunub.

Belə təşviq mexanizmləri ailələrin daha çox uşaq sahibi olmasına stimul verə və nəticədə təbii artımın yenidən yüksəlməsinə müsbət təsir göstərə bilər. Əgər zərurət yaranarsa, dövlət tərəfindən bu istiqamətdə əlavə addımların atılması mümkündür”.

Müəllif: Arzu Qurbanlı

Bütün xəbərlər Facebook səhifəmizdə