Qanun nə üçün var? Qorumaq üçünmü, yoxsa idarə etmək üçünmü?

Heç düşündünüzmü, qanun dediyimiz şey əslində kim üçün yazılıb? İnsan üçünmü, yoxsa insanı idarə etmək üçünmü? Əgər hər qayda azadlığı məhdudlaşdırırsa, bəs onda azad insan anlayışı harada qalır?

İnsan tarixi boyu xaosdan qorxduğu üçün qaydalar yaratdı, çünki nizam ona təhlükəsizlik, qorunma, sabitlik və birlik hissi verirdi. Amma eyni zamanda, bu qaydalar fərdin sərbəstliyini çərçivəyə saldı, onun davranışlarını “doğru” və “yalnış” qutularına yerləşdirdi.Məsələ burasındadır ki, qanun həmişə ədalət demək deyil. Bəzən qanunlar yalnız güclülərin, imtiyaz sahiblərinin maraqlarını qoruyur, zəiflərə isə tabe olmağı öyrədir. Beləcə, “qanun pozan” bəzən cəmiyyət üçün təhlükə deyil, əksinə, ədalətin bərpası uğrunda ayağa qalxan bir vicdandır.

Bu məqalədə bir sualın arxasınca gedəcəyik: qanun cəmiyyətin nizamı üçünmü yaranıb, yoxsa insan azadlığını qorumaq adı altında onu idarə etməyin ən mədəni yoludur? Cavab axtararkən həm fəlsəfi, həm sosial, həm də etik tərəfləri ilə bu mövzunun qatlarına baxacağıq.

İnsan doğulduğu andan etibarən bir nizam axtarışının içində olur. O, həm təbiətin, həm də cəmiyyətin xaosundan qorunmaq üçün sərhədlər çəkir, adlar qoyur, qadağalar müəyyən edir. Bütün bunların ən təkmil forması isə qanun adını alır. Qanun, bir növ, insanın öz qorxusuna qarşı tikdiyi sığınacaqdır.

Qədim dövrlərdə güc kimdə idisə, qayda da onun əlində idi. Lakin zaman keçdikcə insanlar başa düşdülər ki, tək bir gücün hökmü sabitlik gətirmir, əksinə, yeni zorakılıqlar yaradır. Elə buna görə də “sosial müqavilə” anlayışı meydana çıxdı. Fəlsəfədə bu fikir əsasən Tomas Hobbes, Con Lokk və Jan Jak Russo tərəfindən işlənmişdi. Onların hər biri insanın təbiət halından çıxıb cəmiyyət halına keçməsini fərqli şəkildə izah edirdi, amma ortaq bir fikir vardı: qanun xaosu cilovlamaq üçün yaranıb.

Hobbes üçün insan təbiəti qəddardır. Onun məşhur “insan insana canavardır” (homo homini lupus est) ifadəsi bunu açıq göstərir. Hobbes deyirdi ki, əgər güclü bir hakimiyyət olmazsa, hər kəs hər kəsə qarşı müharibə aparacaq. Ona görə insanlar öz azadlıqlarının bir hissəsini könüllü olaraq dövlətə təhvil verir və qarşılığında təhlükəsizlik qazanırlar (“Leviathan”, 1651). Beləcə, qanun insanın içindəki qorxunun institusionallaşmış forması olur.

Lokk isə fərqli düşünürdü. O, insanı təbiətən ağıl sahibi, bərabərlik və azadlıq hissinə malik bir varlıq kimi qəbul edirdi. Lokk üçün qanun azadlığı məhdudlaşdırmaq deyil, əksinə, onu müdafiə etmək vasitəsidir. Çünki o yazırdı: “Azadlıq, başqalarının azadlığına zərər verməmək şərtilə sərhədsiz hərəkət etməkdir.” (“Two Treatises of Government”, 1689). Bu fikir sonrakı dövrlərdə demokratik hüquq sistemlərinin təməl daşı oldu.

Russo isə qanuna daha romantik və ictimai yanaşma gətirdi. Onun “İctimai müqavilə” əsərində dediyi məşhur fikir bunu gözəl ifadə edir: “İnsan azad doğulur, lakin hər yerdə zəncirlənmişdir.” Russoya görə qanun xalqın iradəsinin səsi olmalıdır, əks halda o, ədalətsizliyə xidmət edir. Bu baxımdan qanun təkcə nizam deyil, həm də mənəvi məsuliyyət daşımalıdır. Bu düşünürlərin fikirləri bir növ zamanın səsinə çevrilmişdi. Onlar göstərdilər ki, qanun nə göydən enib, nə də daş üzərinə yazılıb. O, insan ağlının və qorxusunun məhsuludur. İnsan ədalət axtarışında olmasa, qanun da yaranmazdı.

Bu gün biz hələ də həmin sualın içindəyik: Qanun insanı qoruyur, yoxsa onu itaətkarlığa alışdırır? Əgər qanun yalnız cəzalandırmaq üçün işləyirsə, bəlkə də o, öz ilkin mənasından uzaqlaşıb. Artıq nizamın deyil, nəzarətin alətinə çevrilib.

Bəzən tarixə baxanda görürük ki, insan irəliləyişinin ən böyük addımları qanuna itaət edənlər deyil, ona müqavimət göstərənlər tərəfindən atılıb. Çünki bəzən qanun ədaləti deyil, yalnız güclülərin maraqlarını qoruyur. Bu məqamda isə insanın vicdanı hüququn yerinə keçir.

Məsələn, Mahatma Qandi Britaniya müstəmləkə qanunlarını pozaraq “vətəndaş itaətsizliyi” anlayışını tarixə saldı. Onun fikrincə, qanun insanı ədalətsizliyə məcbur edirsə, o qanun artıq əxlaq baxımından qüvvədən düşür. Qandi yazırdı: “Ədalətsiz qanunlara itaətsizlik mənəvi bir borcdur.” (“The Story of My Experiments with Truth”, 1927). O, qanun pozmaqla cinayətkar olmadı, əksinə, ədalətin mənəvi gücünü dünyaya göstərdi.

Eyni düşüncə xətti ilə Martin Lüter Kinq də çıxış edirdi. O, ABŞ-da irqçi qanunlara qarşı mübarizə apararkən belə demişdi: “Ədalətli qanuna hörmət etmək borcdur, amma ədalətsiz qanuna itaət etmək xəyanətdir.”
(“Letter from Birmingham Jail”, 1963).

Kinqin etirazı bir xaos çağırışı deyildi, o, cəmiyyəti sarsıdaraq yenidən qurmaq istəyirdi. Onun fikrincə, qanun yalnız o zaman qanundur ki, ədaləti təcəssüm etdirir.

Bu nümunələr göstərir ki, bəzən qanunla ədalət bir-birinə zidd düşür. Qanun insana “bunu etmə” deyir, amma vicdan ona “susma” deyir. Bu qarşıdurma, əslində, insanlığın əxlaqi yetkinliyinin göstəricisidir. Qanunlar dəyişməsəydi, qadınların seçki hüququ olmazdı, köləlik qadağan edilməzdi, ifadə azadlığı deyilən anlayış mövcud olmazdı. Bu, bizə sadə bir həqiqəti göstərir: Qanuna qarşı çıxmaq bəzən pozuntu deyil, vicdanın müdafiəsidir.

Qanun insanı ədalətdən uzaqlaşdıranda, onu pozmaq bir üsyan deyil, bəşəri məsuliyyətdir.

Amma bu, xaos çağırışı deyil. Əslində, qanunu sorğulamaq onun mahiyyətini dərinləşdirir. Cəmiyyət qanunları yalnız qorxudan deyil, ədalət inancından qəbul etməlidir. Əgər qanun insanı qorumaq yerinə onun üzərində güc nümayişinə çevrilirsə, o zaman itaət yox, düşünmək gərəkdir. Filosof Henri Devid Toro bunu çox gözəl demişdi:
“Bir insanın vəzifəsi hökumətə kor-koranə xidmət etmək deyil, vicdanına sadiq qalmaqdır.”
(“Civil Disobedience”, 1849).

Bu gün isə qanun deyəndə artıq yalnız məhkəmə zalları, hakim qərarları və ya konstitusiya maddələri ağla gəlmir. XXI əsrdə qanun görünməz formalar alıb. O, kameralarda, sosial şəbəkə qaydalarında, internet alqoritmlərində, hətta telefonlarımızın “istifadə şərtləri” bölməsində gizlənir. Biz onu hər gün qəbul edir, razılaşır, imzalayırıq və bəzən fərqinə belə varmadan.

Bu gün biz “qanunun aliliyi” anlayışını tez-tez eşidirik. Amma az adam düşünür ki, bu alilik bəzən kimin əlindədir. Əgər qanun müstəqil deyilsə, o zaman ədalət deyil, hakimiyyət danışır. Qanun xalqın əxlaqından doğmalıdır, yoxsa xalq qanuna tabe olmaq üçün yaradılmamalıdır. Bu reallıqda ən təhlükəli hal, qanunun insanı qorumaq yerinə, onu təyin etməyə başlamasıdır. Məsələn, kim “cinayətkar” sayılır, kim “təhlükəli” hesab olunur, kim “düzgün vətəndaş” kimi təqdim edilir və bunların hamısı hüququn sosial çərçivəsində müəyyən olunur. Hüquq artıq insanı deyil, insan anlayışını formalaşdırır. Buna görə də müasir dövrdə əsas sual belə səslənir: Qanun ədalətin simvoludur, yoxsa gücün maskası?

Əgər qanun yalnız hakimiyyətin maraqlarını qoruyursa, o zaman “nizam” anlayışı sadəcə nəzarətin gözəl adıdır. Amma əgər qanun vicdanla tənzimlənirsə, o zaman o, həqiqətən də cəmiyyətin sütunudur. Bugünkü dünyada hüquq, ədalət və texnologiya arasında çox incə bir xətt qalıb. Qanun insanı azadlığa aparmalı olduğu halda, bəzən onu rəqəmsal qəfəsin içində sakit, itaətkar və görünməz bir varlığa çevirir. Bütün bunların fonunda yenə eyni sual səslənir: Qanun bizi qoruyur, yoxsa idarə edir? Cavab isə bəlkə də hər bir insanın vicdanında gizlidir. Çünki qanunun son məhkəməsi məhz oradadır…

Nigar Şahverdiyeva

Bütün xəbərlər Facebook səhifəmizdə