Beynəlxalq konfransın iştirakçıları Şuşa həbsxanası ilə tanış olublar

İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində “İtkin düşmüş şəxslər probleminin həlli üçün səylərin birləşdirilməsi və əməkdaşlığın genişləndirilməsi” mövzusunda beynəlxalq konfransın iştirakçıları vaxtilə azərbaycanlı əsir və girovların saxlandıqları, dəhşətli işgəncələrə məruz qaldıqları Şuşa həbsxanası ilə tanış olublar.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, qonaqlara Şuşa həbsxanası, burada aşkar edilən kütləvi məzarlıq barədə məlumat verilib.

Bildirilib ki, Şuşa həbsxanası 1848-ci ildə çar Rusiyası dövründə tikilib və burada ağır cinayətlər törətmiş insanlar saxlanılıblar. Şuşa şəhəri 1992-ci il mayın 8-də Ermənistan silahlı birləşmələri tərəfindən işğal edildikdən sonra burada azərbaycanlı əsir və girovlar çox ağır şəraitdə saxlanılıb. Dövlət Komissiyasında olan məlumata görə, 400 nəfərə yaxın əsir və girov götürülmüş şəxs burada saxlanılıb. Onlardan 216 nəfəri komissiyanın səyləri nəticəsində azad olunub. Həmin insanların böyük əksəriyyəti sonralar çəkdikləri əzab-əziyyət və mənəvi-psixoloji işgəncələr nəticəsində həyatlarını itiriblər.

Bildirilib ki, Şuşa həbsxanasında saxlanılan əsir və girovlara çox dəhşətli şəkildə işgəncələr verilib. Burada ölən, öldürülən əsir və girovlar ərazidə qeyri-insani şəraitdə dəfn ediliblər. 2023-cü ildə bu ərazidə insan qalıqları aşkar edilib, üç mərhələdə qazıntı işləri aparılıb. Arxeoloqlar, antropoloqlar, eyni zamanda, məhkəmə tibbi ekspertləri əraziyə cəlb ediliblər. Ərazidə 31 nəfər insan qalığı aşkarlanıb. Həmin insanlar qeyri-ənənəvi, işgəncə verilmiş halda və müxtəlif formalarda basdırılıblar. Hazırda həmin meyit qalıqlarının eyniləşdirilməsi prosesi həyata keçirilir.

Qeyd edək ki, oktyabrın 9-da Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının təşkilatçılığı ilə İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində “İtkin düşmüş şəxslər probleminin həlli üçün səylərin birləşdirilməsi və əməkdaşlığın genişləndirilməsi” mövzusunda beynəlxalq konfrans keçirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə