Daxili İşlər Nazirliyi şəhid atasının təzyiq iddialarına aydınlıq gətirib

Sosial şəbəkələrdə şəhid atasının Şəmkir rayonundakı stasionar postda yol polisi əməkdaşları tərəfindən təzyiqə məruz qalması ilə bağlı videomüraciətləri yayılıb.

SİA xəbər verir ki, Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, oktyabrın 4–də “BMW X6” markalı, 77-CD-226 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin yolda digər hərəkət iştirakçılarının həyatına real təhlükə yaratması, yüksək sürətlə çoxsaylı qayda pozuntuları törətməsi ilə bağlı “102” Xidmətinə vətəndaş şikayətləri daxil olub. Həmin şikayətlərlə əlaqədar stasionar postda avtomaşın dayandırılaraq sürücünün sənədləri yoxlanılıb.

Müəyyən olunub ki, sürücü Vüqar Həsənov Göygöl rayon sakininə məxsus olan nəqliyyat vasitəsini hüququ olmadan idarə edir. O, şəhid atası olduğunu əsas gətirərək müvafiq sənədlərinin olmadığını bildirib və üzərindəki geyimi qəsdən cıraraq ona təzyiq göstərilməsi ilə bağlı videoçəkilişlər aparıb.

Onunla izahedici söhbətlər aparılmasına baxmayaraq, vətəndaş əsassız iddialarını davam etdirib.

Bunları nəzərə alaraq, vətəndaşın təzyiqə məruz qalması ilə bağlı iddialarına dair görüntüləri təqdim edirik.

DİN bir daha bildirir ki, şəhid ailələrinə və qazilərə hər zaman xüsusi diqqət və qayğı ilə yanaşılır. Bu həssas münasibətdən sui-istifadə edərək kobud qanun pozuntularına yol vermək və digər hərəkət iştirakçılarının həyatına real təhlükə yaratmaq, dövlət qeydiyyat nişanı olmadan avtomobil idarəetmə halları qəbuledilməzdir. Qanuna hörmət həm şəhidlərə, şəhid ailələrinə, həm də cəmiyyətə göstərilən ən böyük ehtiramdır.

Bütün xəbərlər Facebook səhifəmizdə