Xocalının Təzəbinə və Ballıca kəndlərinə növbəti köç olub - YENİLƏNİB - FOTOLAR
Oktyabrın 10-da Xocalı rayonunun Təzəbinə və Ballıca kəndlərinə növbəti köç olub. Bu mərhələdə iki kəndə ümumilikdə 43 ailə qayıdıb. SİA xəbər verir ki, açarların təqdim edilməsi mərasimində Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəsmiləri iştirak ediblər.
Bu gün Xocalının Təzəbinə kəndinə 126 nəfər olmaqla, 28 ailə, Ballıca kəndinə isə 15 ailə - yəni, 53 nəfər köçürülüb. Hər iki kənddə sakinlərə mənzillərin açarları təqdim olunub.
Tədbirdə çıxış edən Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin icraçı direktorunun müavini Mahmud Əfəndiyev sakinləri doğma torpaqlara qayıdış münasibətilə təbrik edib. Bildirib ki, burada sakinlərin məşğulluğu məsələsinə xüsusi diqqət yetirilir, onlar dövlət və özəl sektorda işlə təmin olunur. Sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyənlər üçün də bütün zəruri şərait yaradılır.
Qeyd edək ki, bundan əvvəlki köç mərhələlərində Ballıca kəndinə 912 nəfərdən ibarət 200 ailə, Təzəbinə kəndinə isə 28 ailə - yəni, 125 nəfər köçürülüb. Hazırda hər iki kənddə sakinlərin rahat yaşayışı üçün bütün şərait yaradılıb, zəruri infrastruktur və kommunal xidmətlər tam təmin edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə