"Dəfn mərasimləri bir şouya çevrilib" - MÜNASİBƏT BİLDİRİLDİ

"Bu gün dəfn və anım mərasimlərinin dəbdəbəli keçirilməsi çox həssas və aktual mövzudur. Dövlət qurumlarının bu mövzuda ictimaiyyətə dəfələrlə müraciət etməsinə baxmayaraq, dəfn və anım mərasimlərinin təntənəli və israfçılıqla keçirilməsi davam edir". Bu sözləri SİA-ya açıqlamasında İctimai xadim, şəhid ailələrinə dəstək tədbirlərinin təşkilatçısı, xeyriyyəçi, sosioloq Arzu Əliyeva deyib.

Onun sözlərinə görə, nə səbəbdən xalqımız bu neqativ adət-ənənəyə son qoymaq istəmir, düşünürəm ki, bu mövzuya daha geniş və dərin yanaşmaq lazımdır. Ruh, mənəviyyat və maddi varlıq kateqoriyaları nöqteyi-nəzərindən baxsaq, mənəviyyat ruhun təzahürüdür və bu bir aksiomadır: "Ruh və maddi dünya həmişə bir-birinə qarşı durublar. İnsan qeyri-adi, gözəl, eyni zamanda faciəvi bir varlıqdır və əbədi deyil. Ayrılıq insan üçün ən mənəvi faciələrdən biridir, ölüm isə əbədi ayrılıqdır. Əlbəttə, əzizlərindən, doğmalarından ayrılmaq hər kəs üçün böyük bir faciədir.

Çox təəssüflər olsun ki, dəfn mərasimləri və anım günləri bir şouya çevrilib. Vəfat edənin ruhuna duaların oxunması maddi meyarlarla əvəzlənib. Yas sahibi bilmir ki, vəfat edənini ağlasın, yoxsa hüzrə gələnlərə süfrə açsın. Bu danılmaz bir faktdır. Səbəb isə ruhi və mənəvi dəyərlərin maddi dəyərlərə transformasiya olunmasıdır və beyinlərdə belə bir stereotip formalaşıb: kimin yas mərasimində menyusu zəngin və süfrəsi boldursa, deməli, o insan vəfat edən əzizini çox sevirmiş və əksinə. Bütün bunlar birbaşa xurafatçılıq əlamətləridir. Bu xərclənən pullar ailənin, böyüyən nəslin rifahına, sağlamlığına, təhsilinə istifadə olunsa, daha yaxşı olar. Mən ümid edirəm ki, kütləvi informasiya vasitələrinin, medianın, dini qurumların və ziyalıların səyi nəticəsində bu cür xurafat düşüncələrə son qoyulacaq".

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə