Azərbaycanda son günlər ictimai nəqliyyatda baş verən qiymət artımı ictimaiyyətin geniş müzakirə obyektinə çevrilib. Tarif dəyişikliyi xüsusilə gündəlik sərnişin axınının çox olduğu böyük şəhərlərdə əhalinin sosial vəziyyətinə birbaşa təsir göstərir. Mütəxəssislər qiymət artımının səbəbləri, iqtisadi əsasları və əhaliyə mümkün təsirləri barədə müxtəlif fikirlər səsləndirirlər.
Məsələ ilə bağlı daha ətraflı rəy almaq üçün nəqliyyat üzrə ekspert Elməddin Muradlı SİA-ya açıqlama verib:
“Qiymət artımı cəmi 10 gündür tətbiq olunur, heç 10 gün də tamam olmayıb. Bu müddət ərzində də fantastik dəyişiklik gözləmək bir az sadəlövhlük olardı. Bu, aylarla, illərlə yığılıb qalan problemlərdir. Ona görə də, 10 gün ərzində qiymət 10 qəpik artdı və bu 10 qəpiklə bütün məsələlərin həll olunmasını gözləmək həqiqətən sadə bir insanın yanaşması ola bilər.
Bu arada, yəqin ki, işi dərindən öyrənənlər, bilənlər daha yaxşı anlayar ki, bu dəyişiklikləri qısa zamanda gözləməyin bir mənası yoxdur. Çünki bu baş verməyəcək. Ona görə dediyim kimi aylar, illər lazımdır. Köhnə avtobusun yerinə yenisini alıb qoymaq lazımdır. Yenisinin də qiyməti 200 min manatdan başlayır, yarım milyon manata qədər gedir. Bu 10 qəpiklə daşıyıcı şirkət nə qədər pul yığa bilər, nə qədər pul qazana bilər ki, tez bir zamanda avtobus alsın və intervalla da tez gəlsin. Çətin bir prosesdir, vaxt və bir müddət gözləmək lazımdır. Çünki təkcə qiymət artımı ilə iş bitmir. Başqa artımlar da daxil olmalıdır ki, bu keyfiyyət artsın”.
Bütün xəbərlər Facebook səhifəmizdə