Məlum olduğu kimi 1 Oktyabr tarixindən etibarən ictimai nəqliyyatda gediş haqqı 20% artırıldı. Hökümət rəsmiləri qiymət artımının xidmət səviyyəsinin və keyfiyyətin artırılması məqsədi ilə edildiyini bildirir. Bəs görəsən ictimai nəqliyyatda insanlara göstərilən keyfiyyət yüksəlibmi? SİA bu barədə şəhər sakinləri arasında sorğu keçirib.
Şəhər sakini Nəcəf Qulammirzəyev: “İctimai nəqliyyatda həddən artıq sıxlıqdır. Keyfiyyətdə hər hansısa bir artım yoxdur. Gediş haqqını lap 5 manat etsinlər heç bir faydası olmayacaq. Keyfiyyətin yüksəlməsi ilə bağlı verilən açıqlamalar isə sadəcə bəhanədir”.
Şəhər sakini Aydın Məmmədov: “Keyfiyyətdə heç bir artım yoxdur. Avtobus sürücüləri tərbiyəsizlik edir, avtobusları dayanacaqdan kənarda saxlayırlar. Avtobusdan düşmək istədikdə arxa qapını açmırlar”.
Şəhər sakini Elmira Məmmədova: “Yaşlı, xəstə insanam. Cəmi 220 manat müavinət alıram. Mənim kimi yüzlərlə insan var ki, 220 manat müavinətə baxır. Maaş və pensiyalarda heç bir artım yoxdur. Ancaq qiymətləri artırırlar. Mən 220 manat müavinət alan adamam. Hər dəfə 60 qəpik pulu haradan almalıyam?”.
Şəhər sakini Eltun Quluzadə: “Bakubus avtobuslarında vəziyyət yaxşıdır. Həm rahatdır, həm də kondisoner işləyir. Ancaq metroda sıxlıq olur. Əsasən 28 may, Nizami stansiyalarında qatarlara minmək olmur”.
Şəhər sakini Minayə Atakişiyeva: “İctimai nəqliyyatdan istifadə etmirəm. Ancaq ailə üzvlərim istifadə edir. Məktəblilər, tələbələr, təqaüdçülər üçün ictimai nəqliyyatda güzəşt tətbiq edilsə yaxşı olar”.
Müəllif: İlkin Məmmədkərimov
Bütün xəbərlər Facebook səhifəmizdə