BOKT-larda kredit şərtləri: fırıldaqçılıq, yoxsa... - EKSPERT AÇIQLADI

Son zamanlarda bank olmayan kredit təşkilatlarının təklif etdiyi yüksək faizlər və qeyri-şəffaf şərtlər bir çox vətəndaşın narazılığına səbəb olur. Götürülən kreditin üzərinə əlavə olunan müxtəlif adlar altında faizlər, xidmət və komissiya haqları bəzən əsas borcun özündən də çox olur. Bəs, bu qanunvericilikdə necə tənzimlənir?

Ötən il Azərbaycan Mərkəzi Bankı "Bank olmayan kredit təşkilatlarında kredit risklərinin idarə edilməsi Qaydası"nı təsdiq etdi və həmin qərar ilin əvvəlindən tətbiq olunur.

Qərara əsasən, BOKT-ların verdiyi gündəlik kreditlərə dair aşağıdakı tələblər müəyyənləşdirilib:

- milli valyutada verilir;

- maksimum məbləği 500 manatdır;

- gündəlik faiz dərəcəsi maksimum 0,3 %-dir;

- qaytarılma müddəti maksimum 45 gündür;

- gecikdirilmiş ödənişlərlə bağlı tətbiq edildikdə, gecikdirilmə faizləri və ya dəbbə pulu əsas borc qalığı məbləğinə gündəlik tətbiq olunan faiz dərəcəsinin 2 mislindən çox olmamalıdır;

- kredit üzrə edilməli olan bütün ödənişlərin ümumi məbləği əsas borcun 100 %-dən çox olmamalıdır;

- gecikdirmə faizləri və ya dəbbə pulu tətbiq edildikdə, əsas borc üzrə faizlər 30 gündən artıq hesablanmamalıdır;

Bu qərarın təsdiqindən sonra vəziyyətin dəyişəcəyi güman olunsa da, cari vəziyyət qismən dəyişdi, amma vətəndaş hələ də əlavə olaraq borclandırılır.

Məsələ ilə bağlı bank üzrə ekspert Əkrəm Həsənov SİA-ya açıqlamasında bildirib ki, bank olmayan kredit təşkilatları (BOKT-lar) Azərbaycan qanunvericiliyinə əsasən, kommersiya fəaliyyəti göstərən və bank lisenziyası olmadan maliyyə xidmətləri təklif edən qurumlardır:

"Bu təşkilatlar kredit vermək, pul köçürmələri aparmaq, lizinq xidmətləri göstərmək və digər maliyyə əməliyyatlarını həyata keçirmək hüququna malikdirlər. Lakin banklardan fərqli olaraq, onların fəaliyyətlərinə tətbiq edilən tənzimləyici çərçivələr daha çevik və müəyyən mənada az məhdudlaşdırıcıdır.

BOKT-ların təklif etdiyi faiz dərəcələri, komissiya məbləğləri və digər xidmət haqları üzrə hazırda heç bir konkret yuxarı hədd və ya qanuni limit müəyyən olunmayıb. Bu o deməkdir ki, bu təşkilatlar bazar iqtisadiyyatı prinsiplərinə uyğun olaraq, öz xidmətlərini sərbəst şəkildə qiymətləndirə və müxtəlif şərtlərlə təqdim edə bilirlər. Onlar istədikləri faiz dərəcəsi, cərimə mexanizmi və xidmət haqqı tətbiq edə bilərlər, yetər ki, bu barədə müştəriyə əvvəlcədən tam, şəffaf və başadüşülən şəkildə məlumat versinlər. Bu baxımdan, vətəndaşların belə təşkilatlarla müqavilə bağlayarkən diqqətli olmaları, müqaviləni tam oxuyaraq anlamaları və şərtlərdən əmin olduqdan sonra qərar vermələri vacibdir. Əks halda, yüksək faiz dərəcələri, gözlənilməz komissiyalar və sərt cərimə mexanizmləri ilə üzləşmək ehtimalı arta bilər".

Müəllif: Arzu Qurbanlı

Bütün xəbərlər Facebook səhifəmizdə