Naxçıvanda Xalq artisti Mənsum İbrahimovun 65 illik yubileyi qeyd olunub

Naxçıvan şəhərindəki Heydər Əliyev Sarayında Naxçıvan Dövlət Universitetinin dəvəti və təşkilatçılığı ilə Azərbaycanın Xalq artisti, "Şöhrət" və "Şərəf" ordenli xanəndə, professor Mənsum İbrahimovun 65 illik yubileyinə həsr olunmuş konsert proqramı təqdim edilib. Universitetin Media və ictimaiyyətlə əlaqələr şöbəsindən SİA-nın bölgə müxbirinə bildirilib ki, konsert proqramında dövlət, hökumət rəsmiləri, Ali Məclisin deputatları, şəhid ailələri, qazilər, mədəniyyət və incəsənət xadimləri, Yazıçılar Birliyinin əməkdaşları və digər təşkilatlar, ziyalılar və şəhər ictimaiyyəti iştirak ediblər.

Tədbirdə əvvəlcə Xalq artisti Mənsum İbrahimovun həyatı və səhnə fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub.

Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev Xalq artisti Mənsum İbrahimovu 65 illik yubileyi münasibətilə təbrik edib, sənətkarın Azərbaycan musiqi mədəniyyətinə bəxş etdiyi zəngin töhfələrdən söz açıb. Dövlətin ən ali mükafatlarına layiq görülən sənətkara universitetin Elmi Şurasının qərarı ilə “Fəxri professor” diplomunun da təqdim olunduğunu diqqətə çatdırıb.

Mənsum İbrahimov muğam sənətinin inkişafında və təbliğində göstərilən dövlət dəstəyindən danışıb. Sənətkar xüsusilə Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən böyük layihələrin, muğam müsabiqələrinin müstəsna rolunu qeyd edib, "Bu gün muğam yeni dövrünü yaşayır”, - deyə vurğulayıb. Yubilyar Naxçıvanda olmaqdan məmnunluğunu ifadə edərək, tədbirin təşkilatçılarına və iştirakçılara minnətdarlığını bildirib.

Konsert proqramının bədii hissəsində tarda Xalq artisti Elçin Həşimov, kamançada Əməkdar artist Elnur Əhmədovun müşayiəti ilə Azərbaycan Respublikasının Əməkdar artistləri Nuriyyə Hüseynova, Təyyar Bayramov, Elnur Zeynalov, Muğam Televiziya müsabiqəsinin qalibi Güllü Muradova və həmin müsabiqənin laureatı Gülzar Fərəcovanın ifasında musiqi nömrələri dinlənilib. Eləcə də NDU-nun gənc və istedadlı müəllimləri zərb alətlərində Nəcəf Hacılı, nağarada Munis Əliyev və sintezatorda Səxavət Rəhimovun müşayiəti ilə sənətkar Mənsum İbarhimovun repertuarında yer alan xalq mahnıları və muğamlardan ifa olunan parçalar səsləndirilib.

Tədbir çəçivəsində Naxçıvan ziyalıları adından AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev, Naxçıvan musiqiçiləri adından Əməkdar mədəniyyət işçisi, görkəmli tarzən Əkrəm Məmmədli Mənsum İbrahimovu 65 yaşının tamam olması münasibətilə təbrik edərək, onun həyat və yaradıcılığından, muğamlarımızın inkişafındakı xidmətlərindən, yaratdığı ölməz obrazlardan söz açıblar.

Konsert proqramı sonda Xalq artisti Mənsum İbrahimovun təkrarsız ifası və tanınmış muğam ifaçıları ilə birgə səsləndirilən “Yaşa mənim xalqım” mahnısının sədaları altında yekunlaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə