Ailə-məktəb-polis əməkdaşlığı müzakirə olunub

Abşeron Rayon Polis İdarəsinin təşəbbüsü ilə rayon ərazisində yerləşən ümumi təhsil müəssisələrinin direktorları ilə görüş təşkil olunub. Bu barədə SİA-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmərtindən məlumat verilib.

Bildirilib ki, tədbirdə yeniyetmələrlə iş, şagirdlərin davranış qaydalarına riayət etməsi, dərs prosesindən üzrsüz səbəblərlə yayınması, eləcə də, valideynlərin övladlarını təhsildən yayındırması hallarının qarşısının alınması və bu sahədə ailə-məktəb-polis əməkdaşlığının əhəmiyyəti vurğulanıb.

Məktəb ərazilərinə kəsici-deşici alətlərin, qanunla qadağan olunmuş digər əşyaların gətirilməsi, yeniyetmələrin hüquqazidd davranışlardan çəkindirilməsi və bu istiqamətdə polis əməkdaşları ilə qarşılıqlı əməkdaşlığın gücləndirilməsi, eyni zamanda, pedaqoji kollektivi narahat edən digər məsələlər müzakirə edilib.

Abşeron Rayon Polis İdarəsinin rəis müavini polis polkovnik-leytenantı Vüsal Axundov çıxışında məktəblərin yerləşdiyi inzibati ərazilərdə təhlükəsizlik məsələlərinin prioritet olduğunu vurğulayaraq, təhsil müəssisələrində şübhəli halların müşahidə edildiyi təqdirdə, polis orqanlarına dərhal məlumat verilməsinin vacibliyini vurğulayıb. O, eyni zamanda, məktəblərin müasir müşahidə kameraları ilə təchiz olunmasının təhlükəsizlik baxımından əhəmiyyətini diqqətə çatdırıb.

Tədbirdə erkən nikah hallarının qarşısının alınması, eləcə də şagirdlərin internet resurslarından, xüsusilə sosial şəbəkələrdən təhlükəsiz və düzgün istifadə qaydaları barədə də ətraflı məlumat verilib, bu sahədə valideyn nəzarətinin zəruriliyi qeyd olunub.

Görüş qarşılıqlı fikir mübadiləsi şəraitində keçib, təklif və tövsiyələr dinlənilib.

Bütün xəbərlər Facebook səhifəmizdə