“Konstitusiya və Suverenlik İli”nə həsr olunan silsilə tədbirlər keçirilib - FOTOLAR

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti Şimal-qərb və Aran Regional Dövlət Yanğın Nəzarəti idarələrində Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2025-ci ilin ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan olunması ilə bağlı tədbirlər təşkil edib. Bu barədə SİA-ya nazirliyin İctimaiyyətlə əlaqə idarəsindən məlumat verilib.

Məlumata görə, tədbirlərdə çıxış edənlər bildiriblər ki, Azərbaycan dövləti Konstitusiyanın tələblərinə və öz suveren hüquqlarına əsaslanaraq, qarşıda duran strateji hədəflərə doğru inamla irəliləyir. Tarixin müxtəlif mərhələlərində kənar müdaxilələrə, məhrumiyyətlərə baxmayaraq, xalqımız milli kimliyini, mübarizə ruhunu qoruyub saxlayıb, öz ideallarına həmişə sadiq qalıb və XX əsrin sonlarında dövlət müstəqilliyini bərpa edib. 1993-cü ildə xalqın təkidi və tələbi ilə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə 1995-ci ildə müstəqil Azərbaycanın ilk milli Konstitusiyası hazırlanaraq ümumxalq səsverməsi ilə qəbul olunub. Bu il Konstitusiyamızın qəbul edilməsinin 30 ili tamam olur. Dövlətimizin başçısının Sərəncamı bu baxımdan da əlamətdardır.

Çıxışlarda, həmçinin ölkəmizin suverenliyinin bərpasının xalqımızın çoxəsrlik dövlətçilik tarixinə qızıl hərflərlə yazıldığı qeyd olunub. Vurğulanıb ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2023-cü ilin sentyabrında cəmi 23 saat 43 dəqiqə davam edən antiterror tədbirləri nəticəsində Azərbaycanın suverenliyi tam bərpa olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə