Mərkəzi Gömrük Hospitalında Elmi-praktiki seminar keçirilib - FOTOLAR

Mərkəzi Gömrük Hospitalında “Ortopediya və Tibbi Reabilitasiyada Müasir Yanaşmalar” mövzusunda Elmi-praktiki seminar keçirilib. SİA xəbər verir ki, 4 oktyabr 2025-ci il tarixində Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzi Mərkəzi və Mərkəzi Gömrük Hospitalının birgə təşkilatçılığı, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi və Florence Healthcare İnternational Qrupun dəstəyi ilə “Ortopediya və Tibbi Reabilitasiyada Müasir Yanaşmalar” mövzusunda Elmi-praktiki seminar həyata keçirilib.
Seminarda Mərkəzi Gömrük Hospitalının rəisi, Baş həkim Bəxtiyar Musayev, müavinləri Nabil Seyidov və Nahidə Mahmudova, Travmatologiya və Ortopediya şöbəsinin rəisi, travmatoloq Ramin Rzayev, Fizioterapiya şöbəsinin rəisi, fizioterapevt-reabilitoloq Səidə Kərimova, İstanbul Florence Nightingale Xəstəxanalar Qrupunun Travmatologiya və Ortopediya şöbəsinin müdiri, travmatoloq-ortoped Prof. Dr. Azmi Hamzaoğlu, tibb bacısı Özlem Babadağ və Beynəlxalq şöbənin regional direktoru Fuad Ağazadə, o cümlədən müxtəlif tibb müəssisələrinin aparıcı mütəxəssisləri, həkimlər və rezidentlər iştirak ediblər.
Mərkəzi Gömrük Hospitalının rəisi, Baş həkim Bəxtiyar Musayev salamlama nitqi ilə çıxış edərək Hospital ilə Florence Healthcare İnternational Qrup arasındakı davamlı və peşəkar əməkdaşlıq barədə ətraflı məlumat verib. Bu əməkdaşlıq çərçivəsində həyata keçirilən elmi və sosial tədbirlərin vacibliyindən bəhs edən B.Musayev gələcək fəaliyyətlərin də uğurla davam etdiriləcəyinə inandığını söyləyib.
Seminar zamanı Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzi Mərkəzinin rəisi, Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini Rəşad Mahmudov da çıxış edərək Türkiyə və Azərbaycan arasında bütün sahələrdə olan dostluq və əməkdaşlıq münasibətlərinin vacibliyini qeyd edib. O, mövzunun sosial əhəmiyyəti barədə də fikirlərini bölüşərək, auditoriyanı aktiv iştirakçılığa dəvət edib.
Daha sonra İstanbul Florence Nightingale Xəstəxanalar Qrupunun Travmatologiya və Ortopediya şöbəsinin müdiri, travmatoloq-ortoped Prof. Dr. Azmi Hamzaoğlu təcrübəsində rastlaşdığı klinik hallar, həyata keçirdiyi mürəkkəb əməliyyatlar barədə geniş təqdimatla çıxış edib və skoliozun ağırlaşma və fəsadları barədə həkim və rezidentlərin suallarını cavablandırıb.
Seminarın sonunda Mərkəzi Gömrük Hospitalı tərəfindən qonaqlara təşəkkürnamələr təqdim edilib. Seminar qrup şəklinin çəkilməsi ilə yekunlaşıb.
Qeyd edək ki, seminardan sonra Prof. Dr. Azmi Hamzaoğlunun iştirakı ilə şəhid və qazi ailələrinin ödənişsiz tibbi müayinəsi həyata keçirilib. 15 pasiyent müvafiq olaraq müayinədən keçərək zəruri tibbi məsləhətləri alıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə