"Yeni layihə təklifləri hazırlanır" - EKOLOQ DANIŞDI

"Dünyada artan əhali, istehlak vərdişlərinin dəyişməsi və sənaye fəaliyyətlərinin çoxalması tullantı problemini getdikcə daha da aktuallaşdırır. Müasir dövrdə tullantıların düzgün idarə edilməsi ekoloji tarazlığın qorunması və yaşayış mühitinin təmiz saxlanması baxımından mühüm əhəmiyyət daşıyır. Xüsusilə sənaye və tikinti tullantılarının idarə olunması bu sahədə ən vacib məsələlərdən biridir. Bu kontekstdə tikinti və söküntü tullantılarının utilizasiyası xüsusi diqqət tələb edir". Bu sözləri SİA-ya açıqlamasında Səma və Ekososial-İqtisadi İnkişafa Yardım İctimai Birliyinin sədri İradə Həsənova deyib.

Onun sözlərinə görə, tikinti sənayesi dünya miqyasında iqtisadi baxımdan mühüm rol oynasa da, onun ətraf mühitə təsiri də ciddi şəkildə nəzərə alınmalıdır: "Tikinti prosesləri zamanı böyük miqdarda tullantı yaranır və bu tullantıların düzgün idarə edilməsi, eləcə də təkrar emalı davamlı sənayenin formalaşması üçün zəruridir. Həm tikinti, həm də söküntü işləri zamanı əmələ gələn materialların həcmi olduqca böyükdür və onların düzgün idarə edilməməsi ətraf mühitə mənfi təsiri artırır. Azərbaycanda da bu istiqamətdə əlaqədar qurumlar tərəfindən mühüm tədbirlər görülür. Xüsusilə tullantıların təkrar emalı və istifadəyə verilməsi işğaldan azad edilmiş Qarabağ ərazilərində də həyata keçirilir. Bərpa və yenidənqurma işlərinin geniş miqyas alması ilə bu bölgələrdə tikinti və söküntü tullantılarının həcmi də əhəmiyyətli dərəcədə artıb. İlk dəfə Ağdam rayonunda tikinti və söküntü tullantılarının təkrar emalı prosesinə başlanılıb. Bu, həm ətraf mühitin mühafizəsinə töhfə verəcək, həm də tullantıların təbii ehtiyatlara təsirini minimuma endirəcək. Bu materiallar poliqonlara atılmaq əvəzinə təkrar emal edilərək həmin ərazilərdə aparılan bərpa işlərində yenidən istifadə ediləcək. Bu yanaşma həm ekoloji, həm də iqtisadi baxımdan səmərəli addımdır. Eyni zamanda, Bakıda da tikinti və söküntü tullantılarının idarə edilməsi ilə bağlı yeni layihə təklifləri hazırlanır.

Qarabağ və Şərqi Zəngəzurda tullantıların idarə olunması istiqamətində beynəlxalq ekspertlərin iştirakı ilə birgə layihələr hazırlanıb. Bu layihələr tullantıların düzgün idarə edilməsi, ayrılması, təkrar istifadəsi və yerində azaldılması kimi tədbirləri əhatə edir.

Tullantıların idarə olunması strategiyaları tikinti layihələrinin ekoloji dayanıqlığının artırılmasında mühüm rol oynayır. Düzgün idarəetmə həm ekoloji cəhətdən məsuliyyətli yanaşmanı təmin edir, həm də sənaye sahəsində resurslardan daha səmərəli istifadə imkanlarını genişləndirir".

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə