Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin iclasında müzakirə edilən növbəti məsələ bu qurumun “Texno-insan: dünənin əfsanəsi, bu günün hadisəsi” mövzusuna həsr olunmuş XI Bakı Beynəlxalq Kitab Sərgisində iştirakı haqqında olub. Bu barədə SİA-ya AMEA-dan məlumat verilib.
AMEA-nın prezidenti akademik İsa Həbibbəyli bildirib ki, Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə oktyabrın 1-dən 7-dək Bakı Ekspo Mərkəzində XI Bakı Beynəlxalq Kitab Sərgisi keçiriləcək. Sərgi bu il “Texno-insan: dünənin əfsanəsi, bu günün hadisəsi” mövzusuna həsr olunub və müasir dövrün elmi və mədəni müstəvisində texnologiyanın insan həyatına təsiri ilə bağlı geniş müzakirələrə imkan yaradacaq. Sərgidə 18 ölkədən 41 xarici təşkilat, 100-dən artıq yerli nəşriyyat-poliqrafiya və kitab sənəti ilə əlaqəli müəssisə iştirak edəcək.
Akademiyanın prezidenti “Texno-insan: dünənin əfsanəsi, bu günün hadisəsi” mövzusunun aktuallığının müasir dövrdə sürətlə inkişaf edən texnologiyalar fonunda insanın cəmiyyətdəki mövqeyinin və funksional rolunun dəyişməsi, süni intellektin və rəqəmsal texnologiyaların insan fəaliyyəti üzərində yaratdığı təsirlərin elmi və fəlsəfi müstəvidə dərindən təhlil olunması zərurətindən qaynaqlandığını deyib. O, süni intellekt istiqamətində AMEA-nın son illərdə dövlət siyasətinə müvafiq olaraq həyata keçirdiyi islahatlardan danışıb, süni intellekt texnologiyalarının humanitar və ictimai elmlər sahəsində tətbiqinə yönəlmiş kompleks tədbirləri xüsusi vurğulayıb.
AMEA-nın XI Bakı Beynəlxalq Kitab Sərgisində yüksək səviyyədə təmsil olunmasının önəminə toxunan akademik İsa Həbibbəyli qeyd edib ki, bu, dövlətin elm-texnoloji inkişaf strategiyasını dəstəkləməklə yanaşı, AMEA-nın modernləşən elmi prioritetlərinin nümayiş olunması baxımından mühüm əhəmiyyətə malikdir.
Akademik İsa Həbibbəyli sərgidə AMEA-nın bütün elmi müəssisə və təşkilatlarının yüksək səviyyədə iştirakı və ən son nailiyyətləri əks etdirən nəşrlərin ictimaiyyətə təqdim edilməsi ilə bağlıq tapşırıqlarını verib.
Sonra AMEA-nın “Elm” nəşriyyatının direktoru filologiya üzrə fəlsəfə doktoru Səbuhi Qəhrəmanov sərgiyə hazırlıqla bağlı məlumat verib. Qeyd edib ki, sərgidə AMEA-nın nəşrləri iki istiqamətdə oktyabrın 1-də “Akademiyada: biblioqrafik nəşrlər və serialı akademik nəşrlər” və oktyabrın 4-də “Akademiyanın Zəngəzurnaməsi: folklor toplamalarından akademik tədqiqatlaradək” mövzularında təqdim olunacaq. S.Qəhrəmanov hazırlıq işlərinin yekunlaşdığını və AMEA-nın yüksək səviyyədə iştirakı ilə bağlı bütün zəruri tədbirlərin görüldüyünü bildirib.
Qeyd olunanları nəzərə alaraq, sərgidə AMEA-nın iştirakını təmin etmək, kitab sərgisi çərçivəsində zəruri tədbirləri və müzakirələri təşkil etmək məqsədilə müvafiq Komissiya yaradılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə