Sentyabrın 28-də Rustavi Təhsil və Mədəniyyət Mərkəzində 27 Sentyabr - Anım Gününə və Gürcüstanın Suxumi bölgəsinin işğalının 32-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.
SİA-nın əldə etdiyi məlumata görə, mərkəzdən bildirilib ki, əvvəlcə Azərbaycanın və Gürcüstanın ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Sonra mərkəzin rəhbəri Raida Dərziyeva çıxış edərək diqqətə çatdırıb ki, Azərbaycan Ordusunun Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2020-ci il sentyabrın 27-də başlayan və 44 gün davam edən Vətən müharibəsi Azərbaycan xalqının birliyi, şəhidlərimizin canı-qanı, qazilərimizin qəhrəmanlığı nəticəsində böyük Qələbə ilə başa çatıb.
“Bu 44 gün ərzində Azərbaycan Ordusu hərbi peşəkarlığı, texniki üstünlüyü və döyüş ruhu ilə dünya hərb tarixinə yeni səhifə yazdı. Bizlər də bu möhtəşəm Zəfərdən hər zaman qürur duyur, şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edirik” – deyə Raidə Dərziyeva bildirib.
Sonra yazarlar Rafiq Hümmət və Savalan Osmanlı çıxış edərək, həm Qarabağ, həm də Suxumi uğrunda gedən döyüşlərin tarixinə nəzər salıb, şəhidlərə və qazilərə dərin sayğılarını ifadə ediblər.
Sonda Mərkəzin şagirdlərinin hazırladığı xüsusi ədəbi-bədii kompozisiya təqdim olunub və İkinci Qarabağ müharibəsinə dair bədii film göstərilib.
Bütün xəbərlər Facebook səhifəmizdə