Sentyabrın 28-də Hərbi Memorial Məzarlıqda Vətən müharibəsi şəhidi leytenant Elvin Şükürlünün şəhadətinin 5-ci ildönümü münasibətilə anım mərasimi keçirilib.
Anım mərasimində şəhid ailələri, müharibə veteranları, qazilər, məktəblilər iştirak ediblər.
SİA-nın məlumatına görə, şəhid qardaşı kapitan Elnur Şükürlü şəhid zabit haqqında xatirələrini bölüşüb: "Qardaşım Vətənini, millətini hər şeydən üstün tuturdu. Bu, bizim ailəmizdən irəli gəlirdi. Bizim hər ikimizin hərbi sahəni seçməyimiz təsadüfi deyildi.
Atam ehtiyatda olan kapitandır, Birinci Qarabağ müharibəsi veteranıdır. O, bizi hərbi ruhda, Vətənə sevgi ilə böyüdüb. Qardaşımdan yaş yarım böyük idim. Elvinlə həm kursant, həm zabit, həm də döyüş yoldaşı olmuşuq. Birlikdə xidmət etmişik. Xidmətimiz boyunca, həm də kursant olduğumuz vaxtlarda valideyinlərimizdən uzaq düşdüyümüz üçün bir-birimizə həmdəm, sirdaş idik. Elvinin xarakteri elə idi ki, məndən kiçik olsa da, onu özümə ata əvəzi bilirdim. Çox səbirli, təmkinli idi. Tez əsib-coşan deyildi, sakit, sözünü vaxtında və yerində deyən biri idi.
Elvinlə ən son Vətən müharibəsindən bir gün öncə, yəni 2020-cil sentyabrın 26-da danışdıq. İkimiz də ön xəttə xidmət etdiyimizə görə, hər atəşkəs pozulduqca aramızda danışır, valideyinlərimizi bir-birimizə əmanət edirdik. O zaman da düşmən təxribatları dayanmırdı. Sonuncu dəfə də ənənəmizə uyğun olaraq söhbət etdik. Sonda isə hər zamankı kimi: "qəzamız mübarək olsun, çıxdığımız yolu, başladığımız işi uğurla, Zəfərlə bitirək" dedik. Sentyabrın 27-dən başlanan və 44 gün davam edən Zəfər yürüşündə şəhidlərimizin canı, qanı bahasına Şanlı Qələbəni qazandıq. Adını tarixə yazdıran qəhrəmanlardan biri də qardaşım Elvin oldu...
Hər ikimiz Kəlbəcər istiqamətində hərbi əməliyyatlara qoşulduq. Ayrı-ayrı taborlarda döyüşürdük. Aramızda 2 kilometr məsafə var idi. Elvinin də iştirak etdiyi Kəlbəcər-Murovdağ istiqamətindəki "Üçtəpələr" postunun azad edilməsi uğrunda döyüşlər uğurla yekunlaşdı. Sentyabrın 28-də isə düşmən daha böyük canlı qüvvə ilə hücuma keçdi. Qızğın döyüşlərdə qardaşım snayper gülləsinə tuş gələrək 23 yaşında şəhid oldu. Zabit olduğu üçün düşmən onun nəşini götürmüşdü. Dörd ay itkin şəhid kimi axtarışda oldu. Elvinin nəşini 2021-ci ilin yanvarın 22-də Vətən torpağına tapşıra bildik. Biz həm sentyabrın 28-ni, həm də yanvarın 22-ni xüsusi qeyd edirik. Allah bütün şəhidlərimizə rəhmət eləsin".
Bütün xəbərlər Facebook səhifəmizdə