AQTA heyvanların identifikasiyası istiqamətində tədbirləri davam etdirir

Ölkəmizin Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonları ərazisində (Zəngilan, Cəbrayıl və Qubadlı rayonlarının əraziləri tam, Füzuli, Xocavənd və Laçın rayonlarının əraziləri qismən əhatə edilməklə) heyvan xəstəliklərindən azad zonaların yaradılması, iri və xırdabuynuzlu heyvanların identikləşdirilməsinin təmin olunması istiqamətində tədbirlər davam etdirilir. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) İnformasiya təminatı və innovativ həllər şöbəsindən SİA-ya verilən məlumata görə, bu istiqamətdə qarşıda duran vəzifələr, heyvandarlıq təsərrüfatı sahibləri tərəfindən görüləcək işlər, həmçinin proseslərin daha da sürətləndirilməsi ilə bağlı bu gün Laçın Rayon İcra Hakimiyyətinin (RİH) inzibati binasında regional müşavirə keçirilib.

Tədbirdə AQTA-nın, Kənd Təsərrüfatı Nazirliyinin (KTN), Laçın RİH-in, KTN yanında Aqrar Xidmətlər Agentliyinin, Dövlət Aqrar İnkişaf Mərkəzinin və yerli icra orqanlarının nümayəndələri və müvafiq sahədə fəaliyyət göstərən sahibkarlar iştirak ediblər.

Müşavirədə bildirilib ki, 2024-cü ildə ölkəmiz Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı tərəfindən bir sıra heyvan xəstəliklərindən azad ölkə kimi tanınıb, eyni zamanda, əvvəlki illərdə əldə edilmiş bəzi heyvan xəstəliklərindən azad ölkə statusları qorunub saxlanılır. Ancaq əldə olunmuş uğurlarla yanaşı, bu sahədə fəaliyyətlərin daha da genişləndirilməsi qarşıya hədəf kimi qoyulub. Vurğulanıb ki, heyvan xəstəlikləri ilə effektiv mübarizənin aparılması və azad statusların alınması heyvan mənşəli məhsulların təhlükəsizliyi ilə paralel bu məhsulların ixracı və tranzit daşınmasına əhəmiyyətli dərəcədə müsbət töhfə verəcək.

Müşavirədə görüş iştirakçılarına heyvanların identifikasiya edilməsinin əhəmiyyəti barədə zəruri məlumatlar əks olunan təqdimatlar nümayiş olunub. Eyni zamanda, bildirilib ki, heyvanların identikləşdirilməsi agentlik tərəfindən AQTİS vasitəsilə həyata keçirilir. Bu sistem vasitəsilə heyvanın sahibi, heyvandarlıq təsərrüfatları, habelə hər bir heyvana dair məlumatların formalaşdırılaraq idarə edilməsi mümkündür.

Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb və heyvanların identifikasiyası, zoonoz xəstəliklərə qarşı mübarizə üsulları ilə bağlı maarifləndirici materiallar paylanılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə