Bakı metropolitenində gediş haqqının ödəniş üsullarının genişləndirilməsi istiqamətində işlər davam etdirilir. SİA xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında “Bakı Metropoliteni” QSC-nin sədrinin müşaviri Emil Əhmədov deyib.
O qeyd edib ki, gediş haqqının ödənilməsində biometrik (üztanıma) sistemin metro nəqliyyatında tətbiqi gələcəkdə mümkün hesab olunur:
“Lakin hazırda bu məsələnin aktuallığı yalnız gələcək planların, texniki həllərin müzakirələri, habelə bu texnologiyaların ölkəmizdə genişlənməsinin və dünya təcrübəsinin diqqət mərkəzində saxlanılması və öyrənilməsi çərçivəsində mövcuddur.
Hazırda Bakı metropolitenində plastik kartlar və QR bilet sistemi ilə ödənişlər aparılır. Bununla yanaşı, ödəniş sistemində də rəqəmsal həllərin genişləndirilməsi günün zəruri tələbinə çevrilib. Təmassız ödəniş üsullarının tətbiqi məqsədilə aidiyyəti qurumlarla intensiv işlər davam etdirilir. Hədəf bank kartları, “Google Pay” və “Apple Pay” kimi ödəmə imkanlarının yaradılmasıdır. Mövcud ödəniş üsullarına yenilərinin əlavə edilməsi metropoliten sərnişinlərinə daha geniş imkanlar yaratmaqla bu sahədə onların rahatlığına və məmnunluğuna müsbət təsir göstərəcək”.
Bütün xəbərlər Facebook səhifəmizdə