Qəbələ Rayon İcra Hakimiyyətinin və Qəbələ Konserv zavodunun birgə təşkilatçılığı ilə yeni dərs ilinin başlanması münasibətilə keçirilən sosialyönümlü tədbirdə aztəminatlı ailələrin övladlarına məktəbli forması və dərs ləvazimatları təqdim edilib.
SİA xəbər verir ki, bu barədə rayon icra hakimiyyətindən məlumat verilib.
Bildirilib ki, tədbirdə icra hakimiyyəti başçısının müavini Ətayə Osmanova çıxış edərək, yeni dərs ilinin başlanması münasibətilə tədris ocaqlarının pedaqoji kollektivlərini, şagirdləri və valideynləri təbrik edib, onlara təhsildə uğurlar arzulayıb.
Qəbələ Konserv zavodunun direktoru Pünhan Ərzimanov çıxışında zavod tərəfindən həyata keçirilən sosial layihələrdən və görülən işlərdən söz açıb.
Qəbələ rayon Təhsil sektorunun müdiri Arifə Bayramova ölkəmizdə təhsil sahəsində həyata keçirilən məqsədyönlü layihələr, təhsil müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində görülən işlər barədə danışıb, Azərbaycan təhsilinin zəngin və mütərəqqi ənənələrə, milli-mənəvi və ümumbəşəri dəyərlərə və beynəlxalq təcrübəyə əsaslanaraq daha da inkişaf etdiyini vurğulayıb.
Tədbirin sonunda 168 şagirdə məktəbli forması və dərs ləvazimatları paylanılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə