Qubada şəhid və qazi övladları üçün “Xarıbülbül” yay düşərgəsi başlayıb
Qubada Gənclər və İdman Nazirliyi və Gənclər Fondunun dəstəyi, “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin və “Böyük Qayıdış” Gənclər Təşkilatının birgə təşkilatçılığı ilə "Konstitusiya və Suverenlik İli" çərçivəsində tarixi Zəfərimizin 5-ci ildönümünə həsr olunan “Xarıbülbül” şəhid və qazi övladlarının yay düşərgəsinə start verilib.
SİA xəbər verir ki, Fonddan verilən məlumata görə, düşərgənin ilk günündə iştirakçılar Ümummilli Lider Heydər Əliyevin Quba şəhərində ucaldılan abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.
Quba Olimpiya və İdman Kompleksində düşərgənin açılış tədbiri və təlimatlandırma görüşü keçirilib.
Dövlət Himninin səsləndirilməsi və şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayan tədbirdə “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Orucova, “Böyük Qayıdış” Gənclər Təşkilatının sədri Nail Şükürov, Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsinin əməkdaşı Reyhan Ağayeva və Gənclər Fondunun Gənclər təşkilatları ilə iş şöbəsinin əməkdaşı Seyfur Hacımuradov çıxış ediblər.
Onlar çıxışlarında Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin böyük sərkərdəlik məharəti, güclü iradəsi, rəşadətli Ordumuzun gücü ilə 44 günlük Vətən müharibəsində qazanılan şanlı Zəfərin bir parçası olan şəhid və qazi övladları ilə birlikdə olmağın qürurunu yaşadıqlarını, torpaqlarımızın azadlığı uğrunda canından keçən qəhrəman Vətən övladlarının yadigarlarının hər birimiz üçün əmanət olduğunu diqqətə çatdırıblar. Şəhid ailələrinə, qazilərə və onların övladlarına dövlət tərəfindən daim xüsusi diqqət və qayğı göstərildiyi, onların hərtərəfli inkişafının əsas məqsədlərdən biri olduğu vurğulanıb. Bildirilib ki, artıq dördüncü ildir ki, ənənəvi olaraq təşkil edilən düşərgənin keçirilməsində əsas məqsəd şəhid və qazi övladlarının asudə vaxtlarını səmərəli təşkil etmək, onlarda özünəinam və həmrəylik hisslərini gücləndirmək, keçiriləcək müxtəlif təlim, seminar və görüşlər vasitəsilə şəxsi inkişaflarına dəstək olmaqdan ibarətdir.
İştirakçılara düşərgə proqramı haqqında ətraflı məlumat verilib, gənclər təlimatlandırılıb, həmçinin onlar üçün müxtəlif şəbəkələşmə və idman oyunları təşkil olunub.
Qeyd edək ki, 80 nəfər gəncin iştirakı ilə düşərgədə Vətən müharibəsi qazilərinin iştirakı ilə görüşlər, karyera planlanması, şəxsi inkişafyönümlü mövzularda təlim və seminarlar, peşəkarlarla görüşlər, yaradıcı master-klaslar, intellektual yarışlar, komanda quruculuğu oyunları, gənclərin müxtəlif ideyalarının və layihə təkliflərinin müzakirəsi keçiriləcək. Düşərgə müddətində gənclərin asudə vaxtlarını əyləncəli keçirməsi məqsədilə müxtəlif özfəaliyyətlərin, musiqili-əyləncəli proqramların və idman oyunlarının təşkil olunması da nəzərdə tutulub. Beş gün davam edəcək düşərgənin hər günü gənclər üçün xüsusi təşkil olunan konsert proqramı ilə yekunlaşacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə