DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində şəhid ailələri ilə görüş keçirilib - FOTOLAR

“Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin təşəbbüsü ilə ölkəmizə səfərə gəlmiş Türkiyənin şəhid ailələri üzvləri və qardaş ölkənin Ailə və Sosial Xidmətlər Nazirliyinin Şəhid Yaxınları və Qazilər Baş İdarəsinin təmsilçiləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyindəki DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olublar. ƏƏSMN-in İctimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya verilən məlumata görə, onlar mərkəzin foyesində əl işlərindən ibarət sərgiyə baxıb, studiyalarda yaradıcılıq prosesini izləyiblər. Mərkəz üzvlərinin ifasında musiqi nömrələri təqdim olunub.

Qonaqlarla keçirilən görüşdə ƏƏSMN-in Aparatının rəhbəri Fuad Musayev ölkəmizdə şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin sosial müdafiəsinin gücləndirilməsi sahəsində aparılan işlər barədə məlumat verib. Həmin kateqoriyalara aid vətəndaşlar üçün həyata keçirilən sosial dəstək proqramları, reabilitasiya xidmətləri, məşğulluq tədbirləri qeyd olunub. DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin fəaliyyət istiqamətləri diqqətə çatdırılıb.

Qeyd olunub ki, mərkəz və filallarında həssas kateqoriyalardan olan şəxslərə, o cümlədən şəhid ailələri üzvləri, müharibə ilə əlaqədar əlilliyi olan şəxslər və övladlarının yaradıcı potensialının inkişafı üçün işlər aparılır. Onlar sosial-psixoloji dəstək tədbirlərinə də cəlb edilirlər.

Görüşdə şəhid ailələrinin və qazilərin sosial müdafiəsi sahəsində görülən işlərə dair fikir mübadiləsi aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə