Uşaqlar üçün təhlükəli əyləncə: klublarda azyaşlı problemi - EKSPERT VƏ QURUMDAN AÇIQLAMA
“Uşaqlar cəmiyyətin, dövlətin və ailənin qayğısı ilə əhatə olunmalıdır. Uşaqların yaşlarına uyğun olmayan məkanlara getməsi və orada təhlükəli vəziyyətlərlə qarşılaşması hüquqi baxımdan da yolverilməzdir”. Bu fikirləri SİA-ya açıqlamasında sosioloq Üzeyir Şəfiyev bildirib.
Onun sözlərinə görə, 2018-ci ildə qəbul olunmuş “Uşaqların zərərli informasiyalardan qorunması haqqında” Qanun bu məsələləri açıq şəkildə tənzimləyir: “Qanuna görə, uşaqların yaş psixologiyasına və inkişaf səviyyəsinə uyğun olmayan məkanlara getməsi, zərərli informasiyalarla qarşılaşması qadağandır. Bu, onların davranışına və sosiyallaşmasına mənfi təsir göstərən ciddi faktorlardan biridir”.
Ekspert əlavə edib ki, belə hallarda birinci məsuliyyət valideynlərin üzərinə düşür: “Əgər valideyn öz məsuliyyətini dərk etmirsə, müvafiq qurumlar həmin uşaqları və valideynləri nəzarətə götürməlidir”.
Məsələ ilə bağlı SİA-nın sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin bölmə rəisi Nurlan Əliyev bildirib ki, polis tərəfindən uşaqların hüquqlarının qorunması istiqamətində mütəmadi olaraq qabaqlayıcı tədbirlər həyata keçirilir: “Yetkinlik yaşına çatmayanların törədə biləcəyi inzibati xətaların və cinayətlərin qarşısının alınması üçün aidiyyəti qurumlarla birgə sosial layihələr icra olunur. Polis əməkdaşları məktəblərdə şagirdlər, valideynlər və müəllimlərlə görüşlər keçirir, profilaktik söhbətlər aparırlar”.
Onun sözlərinə görə, qanunvericiliyə əsasən azyaşlıların spirtli içki, narkotik vasitə, psixotrop maddə qəbul etməsi, avaraçılıqla məşğul olması və ya məcburi əməyə cəlb edilməsi hallarında ilk növbədə valideynlər məsuliyyət daşıyır: “Eyni zamanda, ictimai iaşə obyektlərində uşaqlara tütün, alkoqollu və energetik içkilərin satılması qadağandır. Belə hallar aşkarlandıqda obyektin məsul şəxsləri barəsində inzibati protokol tərtib olunur, təkrarlandığı halda isə daha ciddi tədbirlər görülür”.
Nurlan Əliyev qeyd edib ki, indiyədək gecə klublarında azyaşlıların tüfeyli həyat tərzi keçirməsi ilə bağlı neqativ hallar aşkarlanmayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə