İsmayıllıda işəgötürənlər maarifləndirilib - FOTO

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) İsmayıllı şəhərində işəgötürənlər üçün “İstirahət vaxtı, məzuniyyət hüququ və onların təmin edilməsi”, “İş yerlərində əməyin mühafizəsi” mövzularında maarifləndirmə tədbiri keçirib. Bu barədə SİA-ya DƏMX-in mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, tədbirdə nazirliyin, ictimai birliklərin nümayəndələri, eləcə də xidmətin Dağlıq Şirvan regional şöbəsinin əhatə etdiyi rayonlardan dövlət və özəl sektora aid müəssisə və təşkilatları təmsil edən 100 nəfərə yaxın şəxs iştirak edib.

Tədbirdə DƏMX tərəfindən mütəmadi təşkil olunan maarifləndirmə tədbirlərinin əhəmiyyətindən bəhs olunub, müəssisədaxili intizam qaydalarının həm işçilər, həm də işəgötürənlər üçün məcburi xarakter daşıdığı, bununla yanaşı işçilərin istirahət vaxtından və məzuniyyət hüquqlarından tam şəkildə istifadə etmələrinin təmin edilməsinin vacibliyi vurğulanıb.

Həmçinin əməyin mühafizəsi və təhlükəsiz iş şəraitinin təmin olunması sahəsində görülən işlər barədə məlumat verilib. Müəssisələrdə standart, norma və qaydaların tətbiqinə göstərilən dəstək vurğulanıb, işçilərin təhlükəsiz və sağlam şəraitdə işləmək hüququnun təmin edilməsinin xüsusi əhəmiyyət daşıdığı qeyd olunub.

Sonda müvafiq mövzularla bağlı iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə