Paytaxt meriyasının layihəsi uğurla davam etdirilir - FOTOLAR

Azərbaycan Prezidenti İlham Əliyevin kommunal sahədə islahatların genişləndirilməsi ilə bağlı tapşırıqlarına uyğun olaraq həyata keçirilən bərk məişət tullantılarının yığılması, daşınması və çeşidlənməsi layihəsinin icrası uğurla davam etdirilir. Bakı Şəhər İcra Hakimiyyətindən SİA-ya bildirilib ki, bu ilin iyun ayından etibarən layihəyə paytaxtın 10-cu rayonu – Xəzər rayonu da qoşulub. Bununla əlaqədar Xəzər Rayon İcra Hakimiyyətində müşavirə keçirilib.

Tədbirdə Bakı Şəhər İcra Hakimiyyətinin başçısının müavini Ayaz Hüseynov, Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, eləcə də Bakı şəhəri və Xəzər rayonunun kommunal xidmət sahələrinin rəhbərləri və ərazi nümayəndələri iştirak ediblər.

Müşavirədə layihənin gedişatı müzakirə olunub, əldə edilən müsbət nəticələr diqqətə çatdırılıb. Çıxış edənlər bildiriblər ki, layihə Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq bütün paytaxt ərazisində uğurla tətbiq edilir, kommunal strukturların maddi-texniki bazası gücləndirilir və bu da işlərin səmərəli həyata keçirilməsinə şərait yaradır. Toplantıda, həmçinin bəzi qəsəbə nümayəndələrinə işlərin daha da gücləndirilməsi ilə bağlı tapşırıqlar verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə