Nəqliyyatda elektrik enerjisinə keçid ekoloji vəziyyəti yaxşılaşdırır? - MÜNASİBƏT BİLDİRİLDİ

"Elektrik nəqliyyatına keçid ekoloji vəziyyəti yaxşılaşdıra bilər. Elektrik nəqliyyatına keçid prosesi bir neçə səbəbdən ekoloji vəziyyəti yaxşılaşdırmağa kömək edə bilər". Bu sözləri SİA-ya açıqlamasında ekoloq Sevil Yüzbaşeva deyib.

Onun sözlərinə görə, bu nəqliyyat vasitələrində ilk növbədə işlənmiş qazların olmaması səbəbindən ekoloji vəziyyət əhəmiyyətli dərəcədə yaxşılaşır. Bu da havanın, xüsusilə şəhərlərdə çirklənmənin azalmasına və əhalinin sağlamlığının yaxşılaşması üçün şərait yarada bilər: "Elektrikli nəqliyyat vasitələrinin işlənmiş qazları yoxdur, buna görə də onlar həm havanın çirklənməsini, həm də insanlarda tənəffüs yolları xəstəlikləri riskini əhəmiyyətli dərəcədə azaldır.

Elektrik nəqliyyatı istixana qazı emissiyalarının azalmasına səbəb olur. Adi daxili yanma mühərrikli avtomobillər (benzin və dizel avtomobilləri) iqlim dəyişikliyinə səbəb olan və əsas istixana qazı olan karbon dioksidi (CO₂) ətraf mühitə əhəmiyyətli miqdarda buraxır. Elektrik mühərrikləri ilə təchiz edilmiş elektrik skuterləri və e-velosipedlər istifadə zamanı ətraf mühitə karbon qazı (CO₂) buraxmır və bu da onları ənənəvi avtomobillərdən daha ekoloji təmiz edir.

Elektrik nəqliyyatı iqlim dəyişikliyinin yaratdığı mənfi təsirlərlə mübarizə aparmağa da kömək edir və neft məhsullarından asılılığın azalmasına səbəb olur. Elektrikli nəqliyyat vasitələri enerji mənbələrindən istehsal olunan elektrik enerjisi ilə işləyir ki, bu enerji müxtəlif yollarla, o cümlədən bərpa olunan enerji mənbələrindən əldə edilə bilər. Eyni zamanda bu nəqliyyat ətraf mühitin səs-küy çirklənməsinin də azalmasına səbəb olur. Elektrik nəqliyyat növlərini digər nəqliyyat vasitələrindən fərqləndirən mühüm amil aşağı səs-küy səviyyəsidir. Elektrik avtomobilləri praktiki olaraq səssiz çalışır ki, bu da şəhər sakinləri üçün daha rahat şərait yaradır.

Elektrikli nəqliyyat avtomobil yollarında sıxlığın aradan qaldırılmasına da təsir edir. Belə ki, elektrik nəqliyyatının yığcamlığı şəhər yollarındakı gərginliyi azaltmağa və tıxacların sayını minimuma endirməyə imkan verir ki, bu da ətraf mühitə müsbət təsir göstərir. Bununla belə, elektrik nəqliyyatına keçidin çatışmazlıqları da mövcuddur. Buraya istifadə olunmuş litium-ion batareyalarının utilizasiyası və təkrar emalı kimi problemlər daxildir. Bu batareyaların və akkumulyatorların utilizasiyası düzgün aparılmadıqda ətraf mühit üçün təhlükə yaradır, torpağı və suyu çirkləndirə bilən zəhərli maddələr əmələ gətirir.

Elektrikli skuterlər və elektrikli velosipedlər dünyanın bir çox ölkəsində artıq şəhər nəqliyyatının ayrılmaz hissəsinə çevrilib. İqlim dəyişikliyi və ətraf mühit məsələlərinə diqqətin artdığı bir dövrdə elektrik nəqliyyatının populyarlığı sürətlə artır, çünki onlar rahat və ekoloji cəhətdən təmiz nəqliyyat vasitəsi kimi qəbul edilir, xüsusilə də sıxlıq və tıxacların olduğu şəhər mühitində. Həmçinin bu cür nəqliyyat vasitələri yollarda və dayanacaqlarda daha az yer tutur ki, bu da insanların sıx yaşadığı şəhərlərdə xüsusi əhəmiyyət daşıyır. Onların yığcamlığı şəhər yollarını yüngülləşdirməyə, tıxacların azalmasına və nəticədə həm insanlar üçün vaxt itkisinin, həm də ətraf mühit üçün istixana qazı emissiyalarının azalmasına səbəb olur".

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə