Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin elan etdiyi 2025-ci il “Konstitusiya və Suverenlik İli” çərçivəsində Şamaxının füsunkar təbiətində təşkil olunan ölkənin ən böyük gənclər festivalı “Yay Fest 2025” uğurla yekunlaşıb. İyulun 7-dən avqustun 29-dək davam edən festival respublikanın müxtəlif bölgələrindən olan 2 mindən çox gənci bir araya gətirərək onlara zəngin biliklər, yeni bacarıqlar və dəyərli dostluqlar qazandırıb.
Artıq ənənəyə çevrilmiş və beşinci dəfədir ki, uğurla təşkil edilən gənclərin sevimli festivalı Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, “IDEA” İctimai Birliyi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı, Azərbaycan Könüllü Təşkilatları İttifaqı, “CAVAN” Gənclər Hərəkatı və “Gənc Könüllülər” İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilib.
Festival çərçivəsində ardıcıl olaraq “Milli-mənəvi dəyərlər”, “Həmrəylik”, “Humanizm”, “Ədalət və Qanun”, “İnkişaf”, “Vətənpərvərlik”, “Müstəqillik tarixi” və “Qalib Diplomatiya” adlı 8 düşərgə təşkil olunub və hər bir düşərgə gənclərin şəxsi və liderlik bacarıqlarının inkişafına, innovativ düşüncə və yaradıcılıq potensialının gücləndirilməsinə yönəldilib.
Çadır formatında keçirilən festivalın builki əsas məqsədi gənclərə Azərbaycanın milli dəyərlərini, dövlətçilik ənənələrini və suverenlik prinsiplərini, həmçinin vətənpərvərlik ruhunu dərindən aşılamaq, ölkəmizin beynəlxalq təmsilçiliyində gənclərin rolunu artırmaq və gələcəyin liderləri kimi yetişmələrinə təkan vermək olub.
Festival müddətində gənclər üçün interaktiv təlimlər, panel müzakirələr, motivasiyaedici sessiyalar, komanda oyunları, ekoloji təşəbbüslər və idman fəaliyyətləri ilə zənginləşdirilmiş proqram təşkil edilib. Hər bir fəaliyyət iştirakçıların həm şəxsi, həm də peşəkar bacarıqlarını inkişaf etdirərək onların yaradıcılıq və liderlik potensialını artırıb. Xüsusilə vurğulamaq lazımdır ki, düşərgələr zamanı gənclər tarixin canlı şahidlərinin və ekspertlərin iştirakı ilə keçirilən görüşlərdə Azərbaycanın müstəqillik və suverenlik yolunda apardığı mübarizəni, diplomatik və tarixi prosesləri daha dərindən mənimsəyiblər.
Eyni zamanda, təbiət qoynunda keçirilən haykinq, müxtəlif master-klasslar, intellektual yarışlar, idman oyunları və digər interaktiv fəaliyyətlər gənclərə həm əyləncəli, həm də öyrədici təcrübə bəxş edib. Hər günün sonunda təşkil olunan konsert proqramları, istedad müsabiqələri, gənclərin sevimli müğənnilərinin ifaları və ocaq ətrafında səmimi söhbətlər “Yay Fest 2025” i gənclərin yaddaşında unudulmaz və rəngarəng xatirəyə çevirib.
“Yay Fest 2025” bir daha göstərdi ki, Azərbaycanın gücü və sabahı onun gənclərinin enerjisində, zəkasında və vətənpərvərlik ruhunda yaşayır.
Bütün xəbərlər Facebook səhifəmizdə