Leyla Əliyeva “Tut Əlimdən” Uşaqlar üçün Sosial Reabilitasiya Mərkəzi ilə tanış olub - FOTOLAR
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın dəstəyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tərəfdaşlığı ilə yeni yaradılan “Tut Əlimdən” Uşaqlar üçün Sosial Reabilitasiya Mərkəzi fəaliyyətə başlayır. SİA xəbər verir ki, Leyla Əliyeva mərkəzdə yaradılmış şəraitlə yaxından tanış olub, burada uşaqlar üçün qurulmuş sosial mühit və xidmət modelləri ilə maraqlanıb.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova mərkəzin fəaliyyət istiqamətləri barədə məlumat verərək bildirib ki, “Tut Əlimdən” Sosial Reabilitasiya Mərkəzi çətin həyat şəraitində olan və ailə himayəsindən məhrum uşaqlar üçün təhlükəsiz, sağlam, qayğı ilə əhatə olunmuş bir mühit təmin etmək məqsədilə yaradılıb.
Mərkəzdə uşaqların ilkin psixososial vəziyyətinin qiymətləndirilməsi, təcili müdaxilə, müvəqqəti yerləşdirmə, tibbi yardım və sosial reabilitasiya xidmətləri həyata keçiriləcək. Eyni zamanda, onların cəmiyyətə inteqrasiyası və gələcək həyatlarının təminatı üçün fərdi inkişaf planları hazırlanacaq.
Həmçinin qeyd edilib ki, uşaqların təhlükəsizliyi və rahatlığı üçün müasir standartlara uyğun, geniş və işıqlı otaqlar, istirahət və müxtəlif məşğələ guşələri yaradılıb. Geniş həyətyanı sahədə müxtəlif oyun meydançaları və yaşıllıq zonaları salınıb.
Bütün görülmüş işlərlə yaxından tanış olan, eyni zamanda, öz tövsiyə və məsləhətlərini də verən Leyla Əliyeva Mərkəzin ailə əsaslı alternativ qayğı prinsiplərinə uyğun fəaliyyət göstərməsi üçün tələb olunan yüksəkixtisaslı və peşəkar gənc kadrlardan formalaşmış əmək kollektivi ilə də görüşüb, onlara fəaliyyətlərində uğurlar arzulayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə