"Uşaqlarda qorxu hissini əvvəlcə psixoanaliz etmək lazımdır. Bu, səbəb və nəticə məsələsidir. Əvvəlcə qorxunun səbəbini araşdırmaq, onu müəyyənləşdirmək və aradan qaldırmaq vacibdir. Qorxu hissini yaradan səbəbin nədən ibarət olduğunu bilmək əsasdır". Bu sözləri SİA-ya açıqlamasında psixoloq Fərqanə Mehmanqızı deyib.
Onun sözlərinə görə, əgər bu səbəb məntiqli bir səbəbdirsə, uşaqla bu istiqamətdə işləmək olar: "Çox vaxt davranış terapiyası ilə valideyn özü də işləyə bilər. Məntiqli səbəb olduqda uşağa aydınlaşdırmaq lazımdır ki, bu qorxu nədən qaynaqlanır və əslində qorxulu bir şeydir, yoxsa sadəcə təsəvvürdür.
Əgər qorxu bir illüziyadırsa, uşağın fantastik təsəvvüründən doğursa - məsələn, qaranlıqdan, canavardan, yadplanetlidən və s. bu halda da onunla işləmək mümkündür. Lakin valideyn bunu bacarmırsa, mütləq psixoloqa müraciət edilməlidir. Çünki uşaqlıq qorxuları ciddiləşərək böyüyə bilər və uşağın fantaziyasında, düşüncəsində dərin iz buraxa bilər. Qorxu təhtəlşüura keçdikdə insan yetkin yaşa çatanda xarakterinə və həyat tərzinə mənfi təsir göstərə bilər. Qorxuların səbəbləri müxtəlif olduğuna görə insan həyatının fərqli sahələrində özünü göstərə bilər. Yetkin yaşda hansısa addım atmaq lazım gəldikdə, uşaqlıqda yaranmış qorxunun əlamətləri yenidən üzə çıxa bilər. İnsan artıq qorxunun səbəbini unudur, lakin beyin həmin qorxunun yaratdığı emosional siqnalı yadda saxlayır və bu siqnal insanın hərəkətinə mane olur. Nəticədə o, həmin sahədə həmişə zəiflik göstərəcək.
Bu səbəbdən uşaqlarda qorxulara çox ehtiyatla yanaşmaq lazımdır. Qorxu insan psixologiyasına böyük zərər vura bilər və həyatına davamlı təsir göstərə bilər. Buna görə də bu qorxuların aradan qaldırılması üçün mütləq mütəxəssisə - psixoloqa müraciət olunmalıdır".
Bütün xəbərlər Facebook səhifəmizdə