"Övladlarımıza cəza növü yox, sevgi yolu göstərməliyik" - PSİXOLOQ ŞƏRH ETDİ

"Artıq məktəblərə son 15 gün qalıbdır, amma təqvimlə birlikdə artıq sentyabrın 1-i dərs günüdür. İstər uşaqlarımızı yanımıza salarkən, istər oxuduqlarımızdan, istər gördüklərimizdən, sadəcə olaraq bu adaptasiya psixoloji olaraq 2-3 gün davam edir. Hansı ki, insanlar gec saatlarda yatırdılar ki, sabah dərs yoxdur, daha rahatdılar. Amma məktəbə gedərkən isə disiplinli rejimə düşmək və bunun özü ən böyük tərbiyə üsuludur". Bu sözləri SİA-ya açıqlamasında psixoloq Aytən Ələkbərova deyib.

Onun sözlərinə görə, insanın disiplinli olması, planlaması, planlı şəkildə hərəkət etməsi - məktəbin açılması övladlarımıza verdiyimiz ilkin, belə deyək də, ən gözəl məqamlardan biridir. Onları o dərs həvəsinə daha gözəl adaptasiya etdirmək, onların düşüncələrində məktəblə bağlı gözəl xatirələr formalaşdırmaq lazımdır: "Kimsə düşünməsin ki, ağır dərs yüküdür, cari il gəlir, biz bunun öhdəsindən necə gələcəyik. Əsasən də görürsən ki, abituriyent valideynləri və birinci sinif valideynləri bu həyəcanı yaşayır. Amma bu, çox yanlış düşüncədir.

Çünki övladlarımızın gələcək sağlamlığına gedən yollardan biri də məhz təhsildir. Təhsil artıq bədənin, ruhun, fiziki və psixoloji cəhətdən adaptasiya olması deməkdir. İnsan o rejimə öyrəşdikcə, daha sonrakı həyat yolunu da qura bilir. Gəlin deyək ki, bu gün səhər saatlarında, səhər saat 8-də məktəbə gedən bir uşaq sabahın bir tələbəsidir, sabahın bir gəncidir, sabahın böyük bir iş adamıdır. Və bu məsuliyyət məhz elə məktəbdən başladığına görə məktəbi də övladlarımıza cəza növü kimi yox, sevgi yolu kimi göstərməliyik. Məktəb həyatda atılacaq ilk addımın yoludur.

Bu, demək deyil ki, hər kəs alim olmalıdır, hər kəs ali təhsilli olmalıdır. Bugün baxırıq ki, müxtəlif avtoservislərdə balaca bir proqramçı nə qədər gözəl maşınları diaqnostika edir, evinə ruzi aparır, bərəkət aparır. Sadəcə olaraq biz bu marifləndirməni düzgün etmədiyimiz üçün gələcək sənət sahiblərindən də az-az uzaqlaşmış oluruq. Ona görə də məktəbə gedən yol sağlam ruhtan ibarətdir. Və biz o sağlam ruha məktəbi cəza kimi yox, gələcək həyatda atdığımız ən vacib addım kimi qiymət verməli və onun təsirini düzgün izah etməliyik".

Müəllif: Ziya Hikmətoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə