Paytaxtda tullantılar yığılmış sahədə baş verən yanğın söndürülüb

Xəbər verildiyi kimi, Bakı şəhəri, Xətai rayonu, Ə.Şıxlinski küçəsində tullantılar yığılmış sahədə yanğın baş verməsi barədə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat daxil olub və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, FHN-in mətbuat xidmətindən verilən məlumata görə, yanğınsöndürənlər tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində təkər və məişət tullantıları yığılmış ərazidə baş vermiş yanğın hava şəraitinin küləkli və yayılma riskinin yüksək olmasına baxmayaraq, genişlənməsinə, o cümlədən yaxınlıqda yerləşən tikililərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində 300 kvadratmetr sahədə təkər və məişət tullantıları yanıb.

Yaxınlıqda yerləşən avtomobil təmiri sexi və fərdi yaşayış evi yanğından mühafizə olunub.

17:28

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, Ə.Şıxlinski küçəsində tullantılar yığılmış sahədə yanğın baş verməsi barədə ilkin məlumat daxil olub.

SİA-nın məlumatına görə, FHN-in mətbuat xidmətindən bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə isə baş vermiş yanğınla əlaqədar polis əməkdaşları, eləcə də dövlət yol polisinin naryadları hadisə yerinə cəlb edilib. Polis əməkdaşları tərəfindən hadisə yeri mühafizə edilərək təhlükəsizlik tədbirləri görülür, sürücülərə alternativ yollarla hərəkət etmələri barədə istiqamətlər verilir.

Yanğınla bağlı əlavə məlumatın veriləcəyi bildirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə