Quru ağacların nömrələnməsi layihəsi gələcəkdə digər şəhərlərdə də tətbiq olunacaq - ETSN rəsmisi
Qurumuş və qəzalı vəziyyətdə olan ağacların elektron şəkildə nömrələnməsi və nişanlanmasına ilk dəfə pilot layihə olaraq Gəncə şəhərindən başlanılıb. SİA xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova bildirib.
O qeyd edib ki, bu tədbir Rəqəmsal Ekologiya İnformasiya Sisteminin (REİS) tərkib hissəsi olaraq artıq həyata keçirilir, lakin quru ağacların nişanlanması sahəsində bu yanaşma ilk dəfə pilot layihə olaraq Gəncədə tətbiq olunur.
İ.İbrahimovanın sözlərinə görə, ağaclarda nişanlar üzərində QR kod yerləşdirilib və hər bir ağac haqqında məlumatı www.agac.az saytında ictimaiyyətə açıq şəkildə təqdim olunur:
"Bu prosesin məqsədi yaşıllıqları qorumaq, şəhərin ekoloji tarazlığını bərpa etmək və payız mövsümündə yeni ağacların əkilməsini təmin etməkdir. Bu mexanizm həm şəffaflığı, həm də ictimai nəzarəti təmin edir. Layihənin əsas məqsədi də şəhərdə və ümumilikdə ölkə ərazisində ağacların mühafizəsini təmin etmək, şəffaflıq və ictimai nəzarəti gücləndirməkdir."
İ.İbrahimova əlavə edib ki, layihə ağacların mühafizəsi baxımından böyük əhəmiyyətə malikdir və gələcəkdə digər şəhərlərdə də tətbiq olunması nəzərdə tutulur.
Bütün xəbərlər Facebook səhifəmizdə