"Uşaq evlərində böyüyən uşaqlara bərabər imkanlar yaradılmalıdır" - PSİXOLOQ AÇIQLADI
"Uşaq evlərində böyüyən uşaqların uğurlu şəkildə cəmiyyətə inteqrasiyası, sadəcə olaraq onların yemək, geyim və sığınacaq kimi əsas ehtiyaclarının qarşılanması ilə bitmir. Əsas məqsəd, həmin uşaqların gələcəkdə müstəqil, özünəinamlı, sosial cəhətdən aktiv və məsuliyyətli fərdlər kimi formalaşmasına şərait yaratmaqdır". Bu sözləri SİA-ya açıqlamasında psixoloq Vüsalə Əmiraslanova deyib.
Onun sözlərinə görə, uşaq evlərində verilən təhsil proqramları yalnız akademik biliklərlə məhdudlaşmamalıdır. Onlara real həyatda lazım olacaq praktiki bacarıqlar da öyrədilməlidir. Məsələn, maliyyə savadlılığı, gündəlik həyatın idarə olunması, özünüifadə, ünsiyyət qurma, problem həll etmə və əmək bazarına uyğun peşə bacarıqları kimi sahələr bu proqramların əsas hissəsi olmalıdır: "Belə bacarıqlar uşaqların gələcəkdə həm iş tapmaq, həm də şəxsi həyatlarını düzgün idarə etmək baxımından çox vacibdir. İkincisi, emosional dəstək məsələsi çox önəmlidir. Uşaq evində böyüyən uşaqlar, çox vaxt ailə modelini yaxından tanımır və güclü sosial dəstək şəbəkəsinə malik olmur. Bunun qarşısını almaq üçün mentorluq proqramları tətbiq edilməlidir. Bu proqramlarda uşaqlara həyat təcrübəsini bölüşəcək, onları istiqamətləndirəcək, lazım olduqda psixoloji dəstək verəcək könüllü böyüklər təyin olunmalıdır. Mentorlar uşaqlar üçün həm bir dost, həm də yolgöstərən rolunu oynayır ki, bu da onların özünəinamını və sosial bacarıqlarını gücləndirir.
Üçüncüsü, dövlət və qeyri-hökumət təşkilatları əmək bazarında bu uşaqlar üçün xüsusi dəstək mexanizmləri yaratmalıdır. Məsələn, işəgötürənlər üçün vergi güzəştləri, pulsuz peşə kursları, təhsil imkanlarında kvotalar və güzəştlər bu baxımdan mühüm rol oynaya bilər. Eyni zamanda, bu uşaqların sosial həyata aktiv şəkildə qoşulması üçün idman, incəsənət və könüllülük fəaliyyətlərinə cəlb edilməsi də çox faydalıdır. Son olaraq, cəmiyyətin bu uşaqlara yanaşması da dəyişməlidir. Onlara qarşı mövcud olan neqativ stereotiplər, təəssüf ki, bəzən onların qarşısında görünməz baryerlər yaradır. Bu stereotiplərin aradan qaldırılması üçün maarifləndirmə kampaniyaları, media materialları və real uğur hekayələrinin paylaşılması vacibdir. Unutmayaq ki, uşaq evində böyümək həmin uşağın gələcəkdə uğurlu, məsuliyyətli və dəyərli bir fərd ola bilməyəcəyi anlamına gəlmir. Sadəcə olaraq, onlara eyni fürsətlərin yaradılması, öz potensiallarını ortaya qoymaları üçün dəstək verilməsi kifayətdir. Hər bir uşaq, harada böyüməsindən asılı olmayaraq, cəmiyyətin fəal və hörmətli bir üzvü ola bilər".
Bütün xəbərlər Facebook səhifəmizdə