Ağdərə rayonunun Vəngli və Kolatağ kəndlərinə köçürüləcək 52 ailə sosial müdafiə tədbirləri, mina təhlükəsi ilə bağlı maarifləndirilib. SİA xəbər verir ki, bu barədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi məlumat yayıb.
Qeyd edilib ki, doğma yurduna qayıtmağa hazırlaşan və işğaldan azad edilmiş ərazilərə yeni salınmış yaşayış məntəqələrində məskunlaşan əhali arasında aparılan məlumatlandırma, təbliğat-izahat və maarifləndirmə işləri çərçivəsində onlara sosial müdafiə tədbirləri, o cümlədən vahid aylıq müavinətin qanunvericilikdə nəzərdə tutulan başaçatma müddətləri, müddətin axımı, habelə bunun qanuniliyi və zəruriliyi məsələləridə ətraflı izah edilir.
Dövlət Komitəsinin Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən, maarifləndirmə və təbliğat işləri çərçivəsində mina təhlükəsi ilə bağlı hazırladığı videoçarx insanları ayıq-sayıq olmağa, xəbərdarlıq nişanlarının tələblərinə əməl etməyə çağırır.
İşğaldan azad edilmiş ərazilərdə mina və partlayıcı hərbi sursatlarla bağlı təhlükənin aradan qaldırılması üçün ərazilərdə müvafiq təmizləmə işləri aparılmaqla yanaşı, əhalinin maarifləndirilməsi də həyata keçirilir.
Dövlət Komitəsində keçirilən tədbirdə məcburi köçkünlərin sosial müdafiəsi məsələləri və vahid aylıq müavinətin daimi yaşayış yerinə geri qayıtmış şəxslərin üç il müddəti başa çatdıqdan sonra dayandırılacağı və mina təhlükəsi haqqında hazırlanmış videoçarxlar məcburi köçkünlər üçün nümayiş etdirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə