Avropada Azərbaycana maraq artır: İtaliya və Niderlanddan gələn turistlərin sayı çoxalıb - STATİSTİKA
Media Təhlil Mərkəzinin (MTM) Dövlət Statistika Komitəsinin açıqladığı rəsmi rəqəmlər əsasında apardığı təhlilə görə, 2025-ci ilin birinci yarısında ölkəmizə gələn turistlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 0,9% və ya 7251 nəfər azalaraq 842 466 nəfər olub.
Ötən ilin ilk yarısında ölkəmizə gələn turistlərin sayı 849 717 nəfər olmuşdu və bu 2023-cü ilin eyni dövrü ilə müqayisədə 41,8% və ya 250 592 nəfər çox deməkdir.
Cari ilin yanvar-iyun aylarında ölkəmizə gələn turistlərin 53,21%-ni, yəni yarısından çoxunu 3 ölkə vətəndaşları təşkil edib. Bunlardan ikisi qonşu ölkələr - Rusiya və Türkiyə, digəri isə uzaq Hindistandır. İlk sırada 240 746 turist ilə Rusiya yer alıb və buradan ölkəmizə gələn turistlər ümumi turist sayının 28,58%-ni təşkil edib.
İlk 6 ayda ölkəmizə gələn turistlərin 12,54%-i Hindistan vətəndaşlarıdır və onların sayı 105 647 nəfər olub.
Hesabat dövründə Türkiyədən ölkəmizə 101 863 turist gəlib ki, bu da ümumi turist sayının 12,09%-ni təşkil edib.
Cari ilin birinci yarımilində Azərbaycana gələn 394 210 turist isə digər ölkələrin vətəndaşları olub və onlar ümumi turist sayının 46,79%-nə bərabər olub.
Rəsmi rəqəmlərə əsasən, digər ölkələrdən Azərbaycana səfər edənlər arasında Səudiyyə Ərəbistanından gələn turistlərin sayı çoxluq təşkil edir. Daha dəqiq desək, cari ilin yanvar-iyun aylarında bu ölkədən Azərbaycana 38 076 nəfər turizm məqsədilə gəlib.
Bu sıralamada ikinci, amma ümumi sıralamada beşinci sırada yer alan Qazaxıstandan ölkəmizə 36 877 turist gəlib.
Məlumat üçün bildirək ki, digər ölkələr arasında Azərbaycana gələn turistlər arasında BƏƏ və Küveyt kimi ərəb ölkələri də yer alıb. İlin ilk 6 ayında bu ölkələrdən Azərbaycana müvafiq olaraq 20 815 və 11 798 turist səfər edib.
Qeyd edək ki, cari ildə turizm sahəsində əldə olunan uğurlardan biri Çinlə qarşılıqlı viza rejiminin ləğvi olub. Cari ilin ilk 6 ayında Çindən ölkəmizə 22 430 turist gəlsə də, viza rejiminin ləğvindən sonra bu rəqəmin ilin sonunadək daha da artacağı proqnozlaşdırılır.
Aşağıdakı cədvəldən də göründüyü kimi cari ilin yanvar-iyun aylarında digər kateqoriyasında yer alan 10 ölkədən ölkəmizə gələn turistlərin sayı 232 711 olub. Bu isə Azərbaycana gələn ümumi turist sayının 27,6%-ni təşkil edib.
Aparılan təhlil zamanı məlum olub ki, 2024-cü ilin ilk yarımili ilə müqayisədə bu ilin eyni dövründə Azərbaycana səfər edən turistlər arasında Tacikistandan gələnlərin sayı (86,7%) kəskin artıb.
İsraildən gələn turistlərin sayında 76%, Çindən səfər edənlərin sayında 53,8%, Yaponiyadan gələnlərin sayında isə 39,5% artım qeydə alınıb.
Artım bununla bitmir, 2025-ci ilk ilk 6 ayında Cənubi Koreyadan gələn turistlərin sayında 23,2%, qardaş Türkiyədən gələn turistlərin sayında isə 32,1% artım müşahidə olunub.
Avropa ölkələri sayılan Rumıniya (65,3%), Niderland (36,8%), İtaliya (26,4%) və Moldovadan (22,2%) gələn turistlərin sayında da ciddi artım qeydə alınıb.
Bəzi ölkələr üzrə turist sayında isə azalma qeydə alınıb. Ən çox azalma İraqdan gələn turistlərin (29,4%) payına düşüb.
Bundan başqa ərəb ölkələrindən gələn turistlərin sayında da azalmalar qeydə alınıb. Məsələn ötən dövr ilə müqayisədə Bəhreyndən gələn turistlərin sayı 26,9%, Küveytdən gələnlərin sayı 24,2%, Qətərdən gələnlərin sayı 22,9% və Omandan gələnlərin sayı 21,2% azalıb.
Ölkəmizin ən çox turist qəbul etdiyi Rusiya və Hindistandan gələn turistlərin sayı da ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 18,7% və 9,9% azalıb.
Bütün xəbərlər Facebook səhifəmizdə