Yardımlıda narkokuryerlikdə şübhəli bilinən şəbəkə üzvləri saxlanılıb

Yardımlı rayonunda narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışında şübhəli bilinən şəxslər saxlanılıb. Bu barədə SİA-ya Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan məlumat verilib.

Bildirilib ki, Yardımlı Rayon Polis Şöbəsinin əməkdaşlarının narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışına qarşı keçirdikləri növbəti əməliyyat tədbirləri nəticəsində 32 yaşlı Məhburə Əsgərli saxlanılıb.

Ondan 3 kiloqram marixuana aşkarlanaraq götürülüb. Əməliyyat tədbirlərinin davamı nəticəsində onun narkotik vasitəni əldə etdiyi şəxsin əvvəllər məhkum olunmuş 43 yaşlı Natiq Mirzəyev olduğu müəyyən edilib və o, polis əməkdaşları tərəfindən saxlanılıb. N.Mirzəyevin Yardımlı rayonu ərazisində yerləşən yaşadığı evin yaxınlığındakı yarımtikilidə gizlətdiyi 3 kiloqram marixuana aşkarlanaraq götürülüb.

Araşdırmalarla onların İran vətəndaşı tərəfindən narkokuryerliyə cəlb olunduqları və narkotikləri maddi gəlir qarşılığında paytaxt ərazisindəki ayrı-ayrı ünvanlara çatdırmağı planlaşdırdıqları müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Bütün xəbərlər Facebook səhifəmizdə