“1 Avqust – Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü” münasibətilə tədbir keçirilib
İyulun 31–də Yasamal rayon Heydər Əliyev Mərkəzinin və “SübhNur” Tədris və İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə “1 Avqust – Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü” münasibətilə tədbir keçirildi.
Tədbirdə millət vəkili Aydın Mirzəzadə, Yasamal Rayon İcra hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Cavid Şıxcəfərli, “SübhNur” Tədris və İnkişaf Mərkəzinin təsisçi direktoru Gülnarə Hüseynova, AzTU–nun Humanitar fənlər kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Həbib Mirzəyev, Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin məsul əməkdaşı Nərmin Azadova, yazıçı–publisist, şair Gülarə Munis, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliylinin üzvü Nəcibə İlkin, ziyalılar, media nümayəndələri və digər qonaqlar iştirak etdilər.
Öncə qonaqlar Mərkəzin ekspozisiya zalında Ulu öndər Heydər Əliyevin büstünü ziyarət edib, önünə gül dəstələri qoydular.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başladı.
Sonra Ulu öndər Heydər Əliyevin və vətənimizin azadlığı uğrunda canlarını fəda etmiş qəhrəman şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Yasamal rayon Heydər Əliyev Mərkəzinin direktor vəzifəsini müvəqqəti icra edəni Nigar Hüseynova çıxışında bu əlamətdar günün ümummilli lider Heydər Əliyevin 2001-ci il 9 avqust tarixli Fərmanına əsasən təsis edildiyini bildirdi. Yeni əlifbadan istifadənin müstəqil Azərbaycanın ictimai–siyasi həyatında, yazı mədəniyyətimizin inkişafındakı rolundan danışdı.
Sonra “1 Avqust – Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü” ilə bağlı film göstərildi.
Millət vəkili Aydın Mirzəzadə, ziyalılar–Gülnarə Hüseynova, Həbib Mirzəyev, Nərmin Azadova Azərbaycan əlifbası kimi, dilinin də hərtə¬rəfli inkişafı, onun rəsmi dövlət dili statusu alması, beynəlxalq münasibətlər sistemində dünya diplomatiyasına yol açmasının məhz Ulu öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu bildirdilər. Onu da əlavə etdilər ki, ana dilimizi qorumaq üçün böyük addımlar atan Ümummilli Liderin siyasi xətti Prezident İlham Əliyev tərəfindən inamla davam etdirilir.
Yazıçılar–Gülarə Munis, Nəcibə İlkin və digər qonaqlar çıxışlarında müstəqil Azərbaycan Respublikasında Azərbaycan dilinin qorunması və inkişaf etdirilməsi, milli–mənəvi, siyasi–hüquqi statusunun möhkəmlənməsi istiqamətində atılmış mühüm addımlardan bəhs etdilər.
Tədbirin bədii hissəsində Dövlət Uşaq Filarmoniyasının solisti, Müslüm Maqomayev adına musiqi məktəbinin və Füzuli şəhər 2 saylı incəsənət məktəbinin şagirdləri, UGİM–nin bədii qiraət dərnəyinin və 38 saylı musiqi məktəbinin vakal üzvləri şeir, musiqi və rəqs nömrələri ilə çıxış etdilər.
Sonda “SübhNur” Tədris və İnkişaf Mərkəzinin təsisçi direktoru Gülnarə Hüseynova Yasamal rayon Heydər Əliyev Mərkəzi tərəfindən fəxri fərmanla, musiqi–incəsənət məktəblərinin fəal şagirdləri təşəkkürnamə ilə təltif olundular və xatirə şəkilləri çəkildi.
Bütün xəbərlər Facebook səhifəmizdə