Cehiz mövzusu illərdir ailə qurmaq istəyən cütlüklər və onların ailələri arasında müzakirə və bəzən də mübahisə mövzusuna çevrilir. Bir tərəfdən, cehiz ənənəsi cəmiyyətin dərin köklərinə söykənsə də, digər tərəfdən müasir düşüncəyə sahib insanlar bu anlayışa artıq fərqli yanaşırlar. Bəziləri üçün cehiz evliliyin "şərti" kimi qəbul olunur, digərləri isə bunu sırf könüllü və imkan daxilində olan bir jest hesab edirlər. Bəs gəlin görək, bu barədə şəhər sakinləri nə düşünür. SƏS TV olaraq onlar arasında sorğu keçirmək qərarına gəldik:
Şəhər sakini İsmayıl Əhmədli: “Gəlinin gətirdiyi cehizə bəyin anası qarışmamalıdır. Onsuz da evində əvvəldən işlətdiyi əşyaları var, gəlindən niyə tələb etsin ki? Həm də cehizə üstünlük vermək məncə, düzgün deyil. Bu, bizim köhnə adət-ənənəmizdir. Qızların cehizi elə onların əxlaqıdır”.
Şəhər sakini Əhliman Abdullayev: “Heç kimin məcburiyyəti yoxdur. Onların xoşbəxtliyi cehizlədirsə, olmasa daha yaxşıdır. İki insanın vəhdəti, məhəbbəti, sevgisi olan yerdə cehiz artıq bir şeydir”.
Şəhər sakini Rəvanə Süleymanova: “Məncə, cehiz vermək hüquq yox, seçim olmalıdır. Yəni heç bir ailə də qızını mal-mülk kimi verməməlidir. Cehizi isə oğlan və qız ailə qurursa, özləri almalıdır”.
Şəhər sakini Pərvanə Əliyeva: “Mənə görə evlilik məsələlərində qarşılıqlı anlaşma çox önəmlidir. Valideynlər arasında da anlayış olmalıdır. Əgər maddi vəziyyət yaxşı deyilsə, qarşı tərəf bunu nəzərə almalı və təkid etməməlidir. Qarşılıqlı anlaşılma yoxdursa, bu münasibət hər halda uzun çəkməyəcək".
Şəhər sakini Ülviyyə Nəzərova: “Mən də oğlan anasıyam. Məncə cehiz hər şeyi həll etmir. Mən imkana baxmaram, qızın özü yaxşı olsun, xoşbəxt olsunlar. Gəlinim yaxşı olsa, neynəyirəm onun cehizini? Bu, maliyyə ilə bağlı deyil, bir-birlərini başa düşürlərsə, xoşbəxtlik ondadır”.
Şəhər sakini Xalidə Kərimova: “Nəyə lazımdır cehiz? Bu gün bir divanla, çilçıraqla gedər, sabah villa sahibi olar. Onları bir-birinə qovuşdurmaq, mehriban etmək lazımdır. Cehiz bu dünyada qalan bir şeydir. Mən bu mövzuya çox pis baxıram, hiddətlənirəm. Mən də anayam, nənəyəm, nəvəmin nişanı olmalıdır. Əfsuslar olsun ki, belə şeylər hələ də var”.
Şəhər sakini Arif Xudiverdiyev: “Qarşı tərəf nəyi desə, bəyənməsə, mən onun cavabını verərəm, yolu göstərərəm, deyərəm yolun qırağı ilə get və yaxşı yol. Mən onunla razı deyiləm, gücüm nəyə çatır, onu da alıram. 100 manatlıq soyuducu, ya da 1000 manatlıq soyuducu nə fərqi var ki? Bahalı olanda xoşbəxt olacaqlar?”.
Şəhər sakini İsfahan Əhmədov: “Könül sevən göyçək olar, cehizə görə lazım deyil. Kimin gücü nəyə çatır, onu da alar. İki könül bir-birini sevməsə, alan da yazıq, gedən də yazıq. Var-dövlət, qab-qacaq lazım deyil. Mənim vaxtımda anamgil nə veribsə, biz onunla qane olmuşuq. İndi təzə trend çıxıb – qız ev alsın, maşın alsın. Ondansa oğlan gəlib evimdə yaşasın da".
Müəllif: Fatimə Əliyeva
Bütün xəbərlər Facebook səhifəmizdə