Təbiətin ağrısı, insanlığın imtahanı

Qarabağda yanğınla mübarizədə dövlətin səfərbərliyi...

və dünya təcrübəsində təbiət fəlakətləri...

Dünya son onilliklərdə ekoloji fəlakətlərin, xüsusən də meşə yanğınlarının artmasına şahidlik edir. Qlobal istiləşmə, insan amili və hərbi münaqişələrin yaratdığı təhlükələr nəticəsində yer kürəsinin “yaşıl ciyərləri” bir-bir məhv olur. Bu gün Azərbaycanın Qarabağ bölgəsində baş verən yanğınlar təkcə regional deyil, həm də ekosistemə müdaxiləyə qarşı qlobal çağırış, ekoloji təhlükənin yaratdığı fəsadların aradan qaldırılmasında dünyanın birgə mübarizəsinə çevrilməlidir.

Qarabağda alov və mina terrorunun yaratdığı cəngəllik

Son həftələrdə Qarabağda, xüsusilə də keçmiş işğaldan azad olunmuş torpaqlarda baş verən genişmiqyaslı yanğınlar söndürülməsinə cəhdlər olunsa da, bizim istəyimizdən asılı olmayaraq təbiətə və ətraf mühitə ciddi ziyan vurmaqdadır. Lakin burada yanğının qarşısının alınmasında əsas maneələrdən biri və deyərdim ki, birincisi məhz Ermənistanın bölgədə geniş şəkildə mina və partlayıcı qurğuları yerləşdirməsidir. Bu da yanğının yayılmasının qarşısını almaq üçün texnikanın və canlı qüvvənin tam gücü ilə əraziyə daxil olmasını çətinləşdirir. Bütün dünya tarixi torpaqlarımızın geri alınmasından sonra Ermənistan tərəfdən təbiətə və ekosistemə qarşı terrorun və vurulan ziyanın şahidi olmuşdu. Amma bu yanğına müdaxilə zamanı qarşılaşdığımız mənzərə hələ də erməni terrorunun davam etdiyini deməyə əsas verir...

FHN-in və digər dövlət qurumlarının çevik fəaliyyəti

Bütün bu çətinliklərə baxmayaraq, Azərbaycan Fövqəladə Hallar Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, DİN Daxili Qoşunları və s. bu sahədə yüksək səviyyədə koordinasiyalı fəaliyyət göstərir. Helikopterlər, xüsusi yanğınsöndürmə texnikaları və təlim keçmiş yanğınsöndürən qruplar mümkün olduğu qədər mina təhlükəsi olmayan sahələrə dərhal müdaxilə edirlər.

FHN tərəfindən bölgəyə hava vasitələri ilə termal müşahidələr, müstəqil dron izləmə sistemləri, mobil komanda mərkəzləri və ekoloji monitorinq qrupları cəlb olunub. Müvafiq qurumların birgə fəaliyyəti sayəsində artıq bir neçə böyük miqyaslı yanğın məhdudlaşdırılıb və təbii sərvətlərin daha çox zərər görməsinin qarşısı alınıb. Amma...

Flora və fauna üçün itkilər

Yanğın nəticəsində Dağlıq Qarabağın zəngin, füsunkar təbiətinə ziyan dəyir. Xüsusilə meşəlik ərazilərdə yerləşən endemik bitki növləri, nadir ağac cinsləri və vəhşi heyvanların məhv olma təhlükəsi var. Yerdə yaşayan sürünənlər, quş yuvaları və balaca məməlilər yanğın nəticəsində təhlükə ilə üz-üzə qalıb. Bəllidir ki, yanğın fəlakət kimi bir qlobal prosesdir. Yəni dünyada bu cür nümunələr yüzlərlədir. Müqayisə üçün xatırlama...

Türkiyə təcrübəsi: 2023-cü ilin yanğını və ağrılı dərslər

Yalnız regionda deyil, bütün dünyada bənzər təbiət fəlakətləri yaşanır. 2023-cü ilin yayında Türkiyənin Muğla və Antaliya vilayətlərində baş verən dəhşətli meşə yanğınları 150 min hektardan çox ərazini külə döndərdi. Bu yanğınlar nəticəsində təxminən 1 milyon canlı varlıq tələf oldu, 3000-dən artıq insan evakuasiya edildi.

Türkiyə FHN və Jandarma Qüvvələri tərəfindən həyata keçirilən mübarizə əməliyyatlarına baxmayaraq, iqlim şəraiti, yüksək temperatur, küləklər və bəzən insan səhlənkarlığı fəlakətin miqyasını artırmışdı. Bu təcrübə göstərdi ki, təbii fəlakətlərlə mübarizə üçün qabaqlayıcı tədbirlər, ictimai maarifləndirmə və güclü texniki təchizat zəruridir.

Qlobal miqyasda yanğın faciələri...

2020-ci ildə Avstraliyada 186 min kvadrat kilometr sahənin yanaraq külə dönməsi təxminən 3 milyard heyvanın həyatına son qoydu. Kaliforniyada hər il minlərlə hektar meşə sahəsi yanaraq həm ekosistemi dağıdır, həm də atmosferə milyonlarla ton karbon buraxır. Amazon meşələri isə “planetin ağciyəri” adlandırıldığı halda, burada baş verən yanğınlar qlobal iqlim dəyişikliyini daha da dərinləşdirir.

Səssiz ölüm?!

Yanğınlar təkcə ağacları deyil, həm də torpağın altındakı mikroorqanizmləri, yerdə yaşayan sürünənləri, yerüstü canlıları və quşları məhv edir. Bəzi nadir bitki və heyvan növləri üçün bir yanğın yüz illərlə davam edən təkamül prosesinin sonu ola bilər. Məsələn, Cənubi Amerikanın bəzi bölgələrində yalnız müəyyən ağac növlərində yaşayan quşlar və ya sürünənlər bir neçə saatlıq alov nəticəsində tamamilə yox ola bilər.

Floranın məhv olması isə ekosistemin özünü bərpaetmə qabiliyyətini zəiflədir. Torpağın eroziyası artır, su hövzələrinin çirklənməsi sürətlənir, kül və tüstü ilə havaya yayılan zərərli hissəciklər insan sağlamlığı üçün təhlükəyə çevrilir.

Dərs alınmalı reallıqlar

Qarabağda baş verənlər bir daha sübut edir ki, təbiətə qarşı edilən hər bir təhlükə istər hərbi müdaxilə, istərsə də texnogen müdaxilə nəticədə insanlığa yönəlmiş təhlükəyə çevrilir. Mina terroru, yanğının yayılmasına qarşı aparılan mübarizəni ləngidir, lakin Azərbaycanın dövlət qurumları bunun öhdəsindən gəlmək üçün ciddi iradə və çevik resurslarla çalışır.

Eyni zamanda, beynəlxalq ictimaiyyət bu məsələyə göz yummamalı və susmamalıdır. Ermənistan mina xəritələrini tam və şəffaf təqdim etmədikcə, bu, yalnız Azərbaycanın deyil, regionun ekoloji təhlükəsizliyinə vurulan zərbə kimi qəbul edilməlidir.

Sonun əvvəli...

Təbiət bizə miras yox, əmanətdir. O, qorunmalı, bərpa olunmalı və gələcək nəsillərə ötürülməlidir. Qarabağda, Türkiyədə və dünyanın digər bölgələrində baş verən yanğınlar – təkcə alovla deyil, həm də biganəliklə mübarizəni tələb edir. Yoxsa...

Müəllif: Yusif QULİYEV

Bütün xəbərlər Facebook səhifəmizdə