Azərbaycan dövlətlərarası axtarışda olan Özbəkistan vətəndaşını təhvil verib

Özbəkistan vətəndaşı, 1982-ci il təvəllüdlü Yusupov Amonbek Abdulxakoviçin cinayət məsuliyyətinə cəlb edilməsi üçün verilməsinə dair həmin dövlətin Baş Prokurorluğunun vəsatəti Azərbaycan Baş Prokurorluğu tərəfindən təmin edilib.

SİA xəbər verir ki, Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, Özbəkistanda Prezidentin şərəf və ləyaqətini alçaltma cinayətinin törədilməsində təqsirləndirilərək, dövlətlərarası axtarışa verilmiş A. A. Yusupov bu ilin aprel ayında Azərbaycanda müəyyən edilərək saxlanılıb, barəsində həbs qətimkan tədbiri seçilib.

"Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” 2002-ci il 7 oktyabr tarixli Konvensiyaya əsasən təqsirləndirilən şəxsin ekstradisiyası haqqında qərar qəbul edilərək, o, Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Özbəkistanın səlahiyyətli orqanına təhvil verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə