AZƏRTAC Gürcüstanda “İlin ən yaxşı xarici informasiya agentliyi” seçilib

Gürcüstanda 2013-cü ildən etibarən hər il elm, təhsil, mədəniyyət, incəsənət, idman, tibb, informasiya təminatı və digər sahələrdə fərqlənən təşkilatlar və insanlar müəyyənləşdirilir və onlar öz sahələri üzrə “İlin ən yaxşısı” elan olunurlar.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, builki seçimlərdə Gürcüstanda fəaliyyət göstərən yerli və xarici informasiya agentlikləri və televiziyaları arasında da qiymətləndirmə aparılıb. Münsiflər heyətinin qərarına əsasən, Azərbaycan Dövlət İnformasiya Agentliyi - AZƏRTAC Gürcüstanda “İlin ən yaxşı xarici informasiya agentliyi”, agentliyin bu ölkədəki əməkdaşı Xətayi Əzizov isə “İlin ən yaxşı jurnalisti” mükafatına layiq görülüb.

Müsabiqənin təşkilat komitəsinin rəhbəri, “İnternational George” təşkilatının direktoru Nino Şalamberidze bildirib ki, münsiflər heyəti Gürcüstanda yerli və xarici televiziyaların, informasiya agentliklərinin fəaliyyətini araşdırıb. Nəticələrə əsasən müəyyən olunub ki, AZƏRTAC Gürcüstanla bağlı məlumatların dünya ictimaiyyətinə çatdırılmasında obyektivlik, düzgünlük və qərəzsizlk pinsiplərini qoruyub. Eyni zamanda, agentlik iki ölkə arasında dostluq əlaqələrinin daha da möhkəmlənməsinə töhfə verib.

AZƏRTAC-ın Gürcüstan üzrə xüsusi müxbiri Xətayi Əzizov Azərbaycan və gürcü mediasında çıxışlarında hər iki dövlətin mənafelərinin qorunması prinsiplərinə sadiq qalıb və media orqanları arasında dostluq körpüsünün möhkmlənməsinə xidmət edib.

Münsiflər heyətinin yekdil qərarı ilə o, Gürcüstanda “İlin ən yaxşı xarici ölkə müxbiri” seçilib.

Bu gün qaliblərlə münsiflər heyətinin görüşü keçirilib. Bildirilib ki, mükafatlar ilin sonunda təqdim olunacaq.

Qeyd edək ki, Gürcüstanda Azərbaycanla yanaşı, Türkiyə, Rusiya, Ermənistan, Ukrayna, Fransa və İranın nüfuzlu agentliklərinin təmsilçiləri fəaliyyət göstərirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə