Qala Dövlət Tarix-Etnoqrafiya Qoruğunda genişmiqyaslı iməcilik keçirilib

Qala Dövlət Tarix-Etnoqrafiya Qoruğunda genişmiqyaslı iməcilik aksiyası təşkil olunub. SİA xəbər verir ki, aksiya “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin təşəbbüsü ilə baş tutub.

Bu təşəbbüsdə Qala və İçərişəhər sakinləri, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəhbər heyəti və əməkdaşları, “Qoru” könüllüləri, habelə “EkoSfera” Ekoloji-Sosial Mərkəz İctimai Birliyi, “Təmiz şəhər” Açıq Səhmdar Cəmiyyəti daxil olmaqla 170-dən çox insan iştirak edib.

Aksiya çərçivəsində qoruğun ərazisində yerləşən qədim hamamlar, göl kənarı, heyvanxana kompleksi və digər mühüm tarixi obyektlərdə təmizlik və ilkin bərpa yönümlü tədbirlər həyata keçirilib.

Qeyd edək ki, aksiyanın keçirilməsində məqsəd Qala qoruğunun tarixi irsinin qorunması, abadlaşdırılması və gələcək nəsillərə sağlam formada ötürülməsi istiqamətində ictimai iştirakçılığı və yerli əhalinin məsuliyyət hissini gücləndirmək olub.

Bütün xəbərlər Facebook səhifəmizdə